Naxçıvan Müəllimlər İnstitutunda Beynəlxalq elmi konfrans keçirilib.

   13-14 dekabr tarixlərində keçirilməsi planlaşdırılan “Müasir ali pedaqoji təhsildə məzmun və keyfiyyət məsələləri: dünya təcrübəsi və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfrans bu gün Naxçıvan Müəllimlər İnstitutunda öz işinə uğurla başlayıb.
“Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş bu beynəlxalq elmi tədbir Naxçıvan Müəllimlər İnstitutunun ev sahibliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Rusiya “Cənub” Universiteti, Moskva Dövlət Universitetinin (Dərbənd Filialı) təşkilatçılığı baş tutub. Konfransın keçirilməsində əsas məqsəd və vəzifələr dünya təcrübəsində və Azərbaycanda ali məktəbin modernləşdirilməsinin hədəfləri, yeni çağırışları, yaxın gələcəkdə və perspektivdə ali pedaqoji məktəbin missiya və funksiyalarına baxışları, ali pedaqoji təhsil sistemində təhsil, tədqiqat və innovasiyanın vəhdətini, ən əsası müasir ali pedaqoji təhsilin məzmunu və keyfiyyətinin mövcud vəziyyəti və perspektivlərini müəyyənləşdirməkdən ibarətdir.
Konfransın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Rusiya Federasiyasının “Yujnıy” Universitetinin rektoru İmran Əkbərov, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, professor Vaqif Bayramov, Naxçıvan Muxtar Respublikası Ali Nəclisinin deputatı Azad Novruzov, Naxçıvan Müəllimlər İnstitutunun elm və innovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı və Azərbaycan Respublikası Odlar Yurdu Universitetinin elm və beynəlxalq fəaliyyət üzrə prorektoru Fəxrəddin Məmmədov çıxış etmişlər. Hibrid (əyani və videobağlantı) formatda keçirilən bu beynəlxalq elmi tədbirdə səsləndirilən çıxış və məruzələrdə qeyd olunmuşdur ki, dünyada və ölkəmizdə təhsil sisteminin modernləşdirilməsi onun alt sistemlərinin, o cümlədən peşəkar pedaqoji təhsilin də təkmilləşdirilməsini tələb edir. Pedaqoji təhsilin təkmilləşdirilməsi, müasir dövrün və gələcəyin sosial sifarişlərinə uyğunlaşdırılması, şübhəsiz ki, gələcək müəllimin ali pedaqoji peşə hazırlığının məzmun və keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs və dövlətimizin başçısı İlham Əliyevin bu kursu uğurla davam etdirməsi sayəsində təhsil sisteminin modernləşdirilməsi, qlobal dünya təcübəsinin ölkədə tətbiqi və bu səbəbdən təhsilin inkişafında yeni nailiyyətlərin əldə olunası və bu səbəbdən müasir ali təhsil sisteminin formalaşdırılması istiqamətində xeyli işlər görülmüşdür.
Konfrans çərçivəsində bütün elm və ali təhsil müəssisələrində xüsusi əhəmiyyət kəsb edən bir layihənin təqdimatı olmuşdur. “Təhsil müəssisələrində rəqəmsal transformasiya” adlanan layihənin müəllifi Rusiya “Cənub” Universiteti, tərəfdaşı isə Naxçıvan Müəllimlər İnstitutudur.
Qeyd edək ki, respublikamızın 20-ə qədər elm və ali təhsil müəssisəsi, həmçinin Rusiya, Türkiyə, Qazaxıstan, Tacikistan, Özbəkistan, Çin ölkələrinin elm və ali təhsil müəssisələrinin təmsilçiləri – professor, müəllim, doktorant və magistrantların ümumilikdə 200-dən çox elmi materialları – məruzələri daxil olub. Ümumən 22 panel müzakirələrinin aparılması nəzərdə tutulan konfransın birinci iş günündə 11 paneldə dinləmə və müzakirələr uğurla keçirilmişdir. Bugünkü panel müzakirələrində müasir ali pedaqoji təhsildə keyfiyyətin artırılması məqsədilə dünya təcrübəsindən istifadə və ölkəmizdə təhsilin məzmununun müxtəlif aspektlərinə toxunaraq bu sahədə aparılan tədqiqatların önəmi və gələcək perspektivləri vurğulanmışdır. Konfrans sabah digər 11 paneldə işini davam etdirəcək, sonda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.