Bizim İnstitutumuz

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTU

          Məlumdur ki, dövlət ali təhsil müəssisələrindən biri kimi ölkəmizdə 25 il fəaliyyət göstərən Naxçıvan Müəllimlər İnstitutunun yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 7 sentyabr 2024-cü il tarixli 416 №-li Qərar qəbul etmişdir. Bu qərarla 1) Naxçıvan Müəllimlər İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Müəllimlər İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilmiş və  2) Naxçıvan Müəllimlər İnstitutunun Nizamnaməsi təsdiq edilmişdir. Bu, Naxçıvan Müəllimlər İnstitutu (NMİ) üçün çox əlamətdar və əhəmiyyətli hadisədir. Bütövlükdə ölkə müstəqilliyinin bəhrəsi olan NMİ, Ümummilli lider Heydər Əliyevin ölkəmizə, o cümlədən onun ayrılmaz tərkib hissəsinə – tarixən elm və təhsil beşiyi olmuş  qədim Naxçıvan diyarına əvəzsiz ərmağanlarından biridir. Azərbaycan Raspublikasının Prezidenti  cənab İlham Əliyevin 2018-ci ildə bu ATM-in yeni tədris korpusunun açılışında şəxsən iştirak etməsi isə bir tərəfdən Ulu öndərin elm və təhsil siyasətinin varisliyinə onun sadiqliyinin bariz nümunəsi kimi, digər tərəfdən isə  ali təhsil və elm ocaqlarınının inkişafına qayğısının ifadəsidir.

      Yeni qəbul edilmiş Nizamnamədə deyilir ki, İnstitut ictimai əhəmiyyət daşıyan fəaliyyətlə (yəni təhsil və elmlə) məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Ölkəmizdə qüvvədə olan “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa görə, “Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan təşkilatdır.” NMİ əvvəlki kimi, dövlət ATM-i olaraq qalır, lakin bir sıra hüquq və vəzifələri, habelə fəaliyyət istiqamətləri genişlənir, maliyyə müstəqilliyi artır. Və təbii ki, dövlət, cəmiyyət və təhsilalanlar qarşısında məsuliyyəti də xeyli artır.

Yeni təsdiq olunmuş Nizamnamə ilə NMİ öz fəaliyyət istiqamətlərinə uyğun  sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilər, təsərrüfat cəmiyyətləri yarada və ya onların işində iştirak edə bilər. Qanunla qadağan olunmayan digər ödənişli xidmətlər göstərə bilər ki, əldə edilən gəlir təhsil və elmi fəaliyyətin inkişafına yönəldilməlidir.

Yeni Nizamnamə ilə  İnstitutun fəaliyyət istiqamətləri dövlətimiz tərəfindən aşağıdakı kimi müəyyənləşdirilir:

2.1.1. bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

2.1.2. magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrədilməsi;

2.1.3. doktorantura təhsil səviyyəsində fəlsəfə doktoru proqramı üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

2.1.4. orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

2.1.5. elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.

      Naxçıvan Müəllimlər İnstitutu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı kimi yaradılmış,  müstəqil ali mək­təb statusu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 av­qust 2003-cü il tarixli Qərarı ilə verilmişdir. Peşəkarlıq, özünə və başqalarına hörmət, şəffaflıq və obyektivlik, əməkdaşlıq, innovativlik, tədqiqatçılıq, öyrənmək və öyrətmək, ən əsası öyrətməyi öyrətmək dəyərlərini aşılayan Naxçıvan Müəllimlər İnstitutunun missiyası fəaliyyət göstərdiyi müddətdə çoxprofilli fasiləsiz təhsili həyata keçirmək,  cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla təhsil müəssələri üçün yüksəkixtisaslı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş mütəxəssislər, pedaqoji və elmi-pedaqoji kadrlar hazırlamaq, cəmiyyətin təhsil, mədəni, elmi, texnoloji və sosial-iqtisadi səviyyəsinin yüksəldilməsi prosesində iştirak etmək olmuşdur.

           İnstitutun tədris kompleksində  20 ixtisaslaşdırılmış auditoriya, o cümlədən 4 kompüter otağı və 16 elektron lövhəli auditoriya vardır. Bu müasir tədris kompleksində ənənəvi və elektron oxu zalları olan kitabxana, STEAM laboratoriyası, 15 fənn kabinəsi, o cümlədən təsviri incəsənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat bilgisi, anatomiya, texnologiya kabinələri, rəngkarlıq və heykəltaraşlıq emalatxanaları, onlar üçün tədris fondları bütün zəruri inventarlarla təchiz edilərək professor-müəllim və tələbə kollektivlərinin ixtiyarına verilmişdir. Müəllim və tələbələr üçün ictimai iaşə otaqları, tibbi xidmət otağı, “Məktəb” nəşriyyatının mətbəəsi fəaliyyət göstərir. Müasir standartlara cavab verən idman zalı vardır.  “Psixoloji xidmət” laboratoriyası fəaliyyət göstərir.

Naxçıvan Müəllimlər İnstitutunda bаkаlаvriat səviyyəsi üzrə İbtidаi  sinif  müəllimliyi, Riyаziyyаt  və  infоrmаtikа  müəllimliyi, Təsviri  incəsənət  müəllimliyi, Məktəbəqədər  təhsil, Təhsildə  sоsiаl-psiхоlоji  хidmət, İnfоrmаtikа  müəllimliyi, Kitabxanaçılıq və informasiya fəaliyyəti, Tarix müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Texnologiya müəllimliyi, Korreksiyaedici təlim ixtisasları, magistratura səviyyəsi üzrə Təhsildə sosial-psixoloji xidmət, Pedaqogikanın nəzəriyyəsi və tarixi, Təsviri incəsənət müəllimliyi, Riyaziyyat müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə, doktorantura səviyyəsi üzrə 5801.01–Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (qiyabi), 5803.01–Müəllim hazırlığı və fəaliyyəti (qiyabi), 5804.01–Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi (qiyabi), 6104.01–Pedaqoji psixologiya (qiyabi) ixtisasları üzrə kadr hazırlığı aparılır.

       Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyətinin əsas istiqamətləri və prioritetləri “Naxçıvan Müəllimlər İnstitutunun 2022-2026-cı  illər üçün NMİ-nin Strateji İnkişaf Planı”  ilə müəyyən edilir. Bu strateji inkişaf sənədində digər fəaliyyət sahələri kimi elmi fəaliyyət üzrə də Strateji məqsədlər və Strateji vəzifələr müəyyən edilmişdir. Bu sənədin tələblərinə uyğun olaraq, Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının 30 yanvar 2024-cü il tarixli iclasında “2024-2028-ci illər üçün Elmi-tədqiqat işlərinin Planı” qəbul edilmiş və rektor tərəfindən təsdiq edilmişdir. Bu plana  əsasən, institutun elmi fəaliyyətinin əsas elmi problemi – “Pedaqogika və təhsilin tarixi, nəzəriyyəsi və fənlərin tədrisi texnologiyaları” kimi müəyyənləşdirilmişdir. Sənəddə institutun profilinə uyğun olaraq Humanitar və ictimai elmlər bölməsinin əsasən Pedaqogika və qismən də Psixologiya elm sahələrinin bir sıra elmi istiqamətləri üzrə prioritetlər sayılan mövzuların işlənilməsi planlaşdırıılmış və  fəaliyyətə başlanılmışdır.

Pedaqogika elm sahəsində bu: 1) Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi və 2) təhsilin sahələri və səviyyələri üzrə Təlim və tərbiyənin nəzəriyyəsi və metodikasıdırsa, Psixologiya elm sahəsində isə Pedaqoji psixologiyadır.

Hazırda Naxçıvan Müəllimlər İnstitutunun elmi-təşkilati strukturu 8 kafedradan ibarətdir. Elmi-pedaqoji kadr potensialı 104 nəfər təşkil edir. Bunlardan 47 nəfəri elmi dərəcəli, o cümlədən 7 nəfəri elmlər doktoru, 40 nəfəri fəlsəfə doktorudur. Professor-müəllim heyətinin tərkibində 3 professor və 30 dosent vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura yaradıldıqdan bugünədək Naxçıvan Müəllimlər İnstitutunun doktoranturasında fəlsəfə doktoru proqramı üzrə 26 nəfər doktorant (dissertant) təhsil alır. Doktoranturadan ilk buraxılış (2 nəfər) bu təqvim ilinə təsadüf edir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 aprel 2023-cü il tarixli qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda 5801.01 – Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (riyaziyyatın tədrisi metodikası) ixtisasında və 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasında pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək üçün yenidən yaradılmış  daimi Dissertasiya şurası fəaliyyət göstərir. Bundan əlavə institutda pedaqogika üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək üçün birdəfəlik Dissertasiya şuraları da fəaliyyət göstərir

 “Naxçıvan Müəllimlər İnstitutu. Elmi əsərlər” jurnalında pedaqogika elmləri bölməsi ilə yanaşı psixologiya, tarix, filologiya (dilçilik və ədəbiyyatşünaslıq), riyaziyyat və informatika, biologiya və incəsənət  bölmələri üzrə də elmi məqalələr  çap edilir. Jurnal pedaqogika və tarix elm sahələri üzrə elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahisina daxil edilmişdir. Hər ildə jurnalın 4 nömrəsi nəşr olunur.

Naxçıvan Müəllimlər İnstitutunda xarici ölkələrlə elmi əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi başlamışdır. Bu məqsədlə bir sıra ölkələrin nüfuzlu ali məktəbləri və beynəlxalq layihələrin təşkilatçıları ilə müqavilələr və niyyət protokolları imzalanmış və ya imzalanmaqdadır. Bundan başqa əməkdaşlarımız beynəlxalq konfranslarda iştirak edir, onların elmi jurnallarında məqalələr çap etdirir, internet vasitəsilə elmi əlaqələr saxlayırlar.

Tələbələrin elmi-tədqiqat potensialının vaxtında aşkarlanması və reallaşdırılması, ən istedadlı məzunların elmi-pedaqoji fəaliyyətə hazırlanması istiqamətində bir sıra işlər görülür.

Naxçıvan Müəllimlər İnstitutunda elmi fəaliyyətinin keyfiyyət və səmərəliliyinin artırılmasını təmin etmək,  elmi-pedaqoji əməkdaşların bu fəaliyyətini vahid meyarlar əsasında qiymətləndirmək, habelə ali təhsil müəssisələri qarşısında qoyulan milli və beynəlxalq tələblərə uyğunlaşdırmaq  məqsədilə  hazırlanmış, institutun Elmi Şurasında qəbul edilmiş, tətbiqinə 2021-ci ilin əvvələrindən başlanılmış, 2025-ci ildə yeni redaksiyada qəbul edilmiş “Naxçıvan Müəllimlər İnstitutunda akademik heyətin elmi fəaliyyətinin qiymətləndirilməsinə dair Əsasnamə” uğurla tətbiq edilməkdədir.                                       Elmi-tədqiqat və tədris-metodiki işlərin elektron fondunun yaradılması və akademik dürüstlüyü təmin etmək məqsədilə 2021-cı il tarixdən  NMİ-də StrikePlagiarism Antiplagiat internet-sistemimdən istifadə olunur.

İnstitutun tələbələrlə tərbiyə işi yüksək mədəni və ixtisas hazırlığı səviyyəsinə uyğun, rəqabət qabiliyyətli, gələcək mütəxəssisin yaradıcı şəxsiyyət kimi formalaşdırılması və hərtərəfli inkişaf etdirilməsi istiqamətində qurulub. Burada tələbələrin mənəvi tələbatlarının, onların yaradıcılıq qabiliy­yət­ləri­nin tam açılması, vətəndaş mövqeyinin, sosial-mədəni və milli-mənəvi dəyərlərin, vətəndaşlıq və peşəkarlıq keyfiy­yət­ləri­nin, qərarların qəbul edilməsinə məsuliyyət hissinin for­malaş­dırıl­ması  və tərbiyələndirici mühitin (institut ənənələrindən istifadə, dərs məşğələlərinin tərbiyəvi potensialının yüksəldilməsi, davranışın neqativ formalarının profilaktikası) formalaşdırılması üçün tam şərait yaradılır, Azərbaycan Respublikasının mədəni irsinin tədqiqi, qorunması və artırılması, millətlərarası tolerantlıq və etnik mədəni müna­si­bət­lərin hormonikləşdirilməsi, mədəniyyətlərarası kommuni­kasiyaları inkişaf etdirilir.

İnstitutda İnnovasiya laboratoriyası (İnnoLab) fəaliyyət göstərir. Bu laboratoriya institutda tələbələrin Startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurul­ma­sı, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edir ki, bu da gələcək elmimizə gənc kadrların cəlbi baxımından mühüm əhəmiyyətə malikdir. Startap hərəkatına qoşulmanı optimallaşdırmaq və operativ əlaqələrin qurulması məqsədilə institutunun rəsmi internet saytında startap layihələrin qəbulu ilə bağlı “İdeya bankı” bölməsi fəaliyyət göstərir. İdeya bankına innovativ pedaqoji layihələri olan istənilən şəxs müraciət edə bilir.

İnformasiyalaşdırma sahəsində yeni texnologiyalardan istifadə səviyyəsinə görə NMİ-nin ölkənin və Avropanın ən yaxşı ali təhsil müəssisələri səviyyəsinə çatdırılması işləri sürətlə davam etdirilir, «qabaqlayıcı təhsil» (əsaslı təhsil və innovasiya metodikalarının tətbiqi də daxil olmaqla), inkişaf edən təhsil (humanist səmtləmə, çevik tədris, yeni texnologiyadan istifadə daxil olmaqla) və məsafədən təhsil mexanizmlərindən və telekommunikasiya texnologiyalarından istifadə etməklə açıq təhsil konsepsiyası reallaşdırılır və məzunların informasiya cəmiyyəti şəraitində peşəkar fəaliyyətə hazırlanması, informasiya qeyri-bərabərliyi problemlərinin həllində müəssisələrə və təşkilatlara yardım göstərilir. İnstitutun qarşısında duran vəzifələrin həll edilməsi üçün müvafiq bölmələri səfərbər edilir, Telekommunikasiya şəbəkələrinin köməyilə müəllimlər, əməkdaşlar və tələbələr üçün tədris və elmi informasiya resurslarından istifadə etmək imkanı yaradılır, institutda istifadə olunan «Elektron universitet» sistemi daim təkmilləşdirilir. Bu istiqamətdə təhsilin informasiyalaşdırılmasının ümumi məsələlərinin həlli sahəsində ölkənin ali məktəbləri və təhsilin idarə edilməsi orqanları ilə əməkdaşlıqlar genişləndirilir.

Tədris müəssisələrində pedaqoji işçilərin ixtisası üzrə intel­lek­tual, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim yeniləşən əmək şəraitinə uyğun­laşdırılır, pedaqoji kadrların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal, səmərəli inkişafı və ixtisasartırma təhsilinin Avropa və dünya təhsil məkanına inteqrasiyası təmin edilir, mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müxtəlif modullar üzrə müəllimlərin ixtisasartırma kursları təşkil edilir ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsində olduqca əhəmiyyətlidir. Həmçinin məktəblərdə ayrı-ayrı fənlər üzrə tədrisin vəziyyətinin öyrənilməsi və nöqsanların aradan qaldırılması, müəllimlərə fənn kurikulumlarının tətbiqində interaktiv təlim metod və üsullarından istifadəyə geniş yer verilməsi və fənlərin inteqrasiyasına diqətin artırılması haqqında elmi-metodiki tövsiyələr hazırlanır, mətbuatda elmi-metodiki məsələlərlə çıxış edərək onlara metodiki köməklik göstərilir. Bu sahədə eyni zamanda Naxçıvan Muxtar Respublikası ərazisində rayon və kənd məktəbləri ilə distant təhsil əlaqələri yaradılır, bu məqsədlə  yaradılmış metodikdestek.nmi.edu.az saytı tez-tez təkmilləşdirilərək qabaqcıl təcrübəyə malik olan müəllimlərin təcrübəsinin sayta yerləşdirilməsi də diqqətdə saxlanılır.

Naxçıvan Müəllimlər İnstitutu kitabxanasında 2 fond və 2 oxucu zalı mövcuddur. Oxuculara xidmət işində müasir informasiya texnologiyaları, o cümlədən internet şəbəkəsindən istifadə onların ixtiyarına verilmişdir. Hazırda elektron oxu zalında internet şəbəkəsinə qoşulmuş 13 komputer var. Kitabxananın elektron fondunda 2650 ədəd elektron resus saxlanılır. Bu materialların hamısı elektron oxu zalında olan komputerlərin elektron bazasına, həmçinin kitabxananın internet saytına yerləşdirilmişdir. Kitabxana fondunda 12187 nüsxə kitab var. Bunlardan latın əlifbası ilə olan kitablar 10462 nüxsə, kiril əlifbası ilə olan kitablar isə 1725 nüsxədir. O cümlədən 1024 nüsxə xarici dildə olan kitablar təşkil edir. Kitabxanın elektron fondunda mühazirə materiallarının elektron variantı yerləşdirilmişdir. Həmçinin oxucuların rahat şəkildə elektron kitabxanadan istifadə etmələri üçün kitabxanada  QR kodundan istifadə edilir.

2025-ci ildə  25 illik yubileyini qeyd edəcək  Naxçıvan Müəllimlər İnstitutunda daxili və xarici  keyfiyyət prosesi daim diqqətdə saxlanılır, institutda təhsil, tədqiqat və innovasiyanın vəhdətini təmin etməklə gələcəkdə təhsil sahəsində tədqiqat universiteti statu­su­nun əldə edilməsi, qabaqcıl xarici təhsil müəssisələri ilə əlaqələrin geniş­lən­diril­mə­si, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi və qəbul planı yerlərinin hər il yüksək ballı abituriyentlər tərəfindən seçilməsinə nail olunması hədəflənir.

Hal-hazırda Naxçıvan Müəllimlər İnstitutunun bakalavriat, magistratura və doktorantura səviyyəsində ali təhsil alan 1200-ə qədər gənc müstəqil Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsi istiqamətində köklənmiş layiqli vətənpərvər nəsil kimi formalaşır. Onun məzunları bugün Azərbaycanın dövlət quruculuğunun müxtəlif sahələrində ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsində yaxından iştirak edir və layiqli töhfələrini verməkdə davam edirlər.