“Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi” nə həsr olunan elmi – praktik konfrans keçirilib.

NMİ-də görkəmli Azərbaycan şairi, mütəfəkkir “Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi” nə həsr olunan elmi – praktik konfrans keçirilib.
16 dekabr 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsi və Azərbaycan dili və ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi” nə həsr olunan elmi – praktik konfrans keçirilib.
Konfransın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov çıxış edərək 2024-cü ilin əvvəlində dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək Füzuli irsinin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə çoxsaylı tədbirlərin keçirildiyini deyib. Qeyd edib ki, Füzuli Azərbaycan bədii fikrinin inkişafında müstəsna yer tutan, Şərq ölkələri ədəbiyyatına güclü təsir göstərən qüdrətli sənətkardır və onun yubileyinin keçirilməsi şairin bədii-fəlsəfi irsini layiqincə dəyərləndirmək amalına xidmət edəcək. Vurğulayıb ki, keçirilən bu tədbirlər vasitəsilə gənclərimiz və gələcək nəsillər xalqımızın böyük şairi Məhəmməd Füzuli yaradıcılığı ilə bir daha tanış olacaq, onun əsərlərini öyrənəcək və Füzuli sənətini bütün dünyaya tanıdacaq.
Konfrans “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının əməkdaşları filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Fətəliyeva və Aytən Cəfərovanın çıxışları ilə davam edib. Çıxışçılar qeyd ediblər ki, Məhəmməd Füzuli Azərbaycan xalqının yetişdirdiyi elə dahi şairlərdəndir ki, onun əsərlərini daima öyrənmək və təbliğ etmək lazımdır. Füzuli, həqiqətən də, bütövlükdə Şərq şeirində, xüsusilə də türk xalqları ədəbiyyatı tarixində, türk dilində yazıb-yaradan sənətkarlar içərisində müstəsna yer tutan dahilərdəndir. Vurğulanıb ki, Füzuli Azərbaycan şeirinin zirvəsidir. Belə ki, onun qələmə aldığı əsərlər öz lirik ovqatıyla 500 ildən artıqdır ki, könülləri fəth edir. Füzuli öz yaradıcılığının sənətkarlıq xüsusiyyətləri ilə də seçilən şairdir. Füzulinin mənşəyi azərbaycanlı, dili isə Azərbaycan-türk dilidir. Ulu öndər Heydər Əliyevin də dediyi kimi, “Füzuli türk xalqlarını birləşdirmiş şəxsiyyətdir. Füzulinin həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətdir”.
Konfransın sonunda institutun tələbələri tərəfindən Füzuli yaradıcılığından “Leyli və Məcnun” poeması əsasında hazırlanan tamaşa nümayiş edilib.