NMİ-də “Milli yaddaşımızda Zəfər salnaməsi” adlı dəyirmi masa keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 27 Sentyabr – Anım Gününün ildönümü ilə əlaqədar “Milli yaddaşımızda Zəfər salnaməsi” adlı dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov 27 Sentyabr – Anım Gününün milli yaddaşımızda xüsusi yer tutduğunu bildirib. O, Azərbaycanın tarixi Zəfərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qazilərimizin şücaəti sayəsində əldə olunduğunu vurğulayıb. Bildirib ki: “Bu gün hər birimiz Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk. Azərbaycan Vətən müharibəsində güclü dövlətə və qüdrətli orduya malik olduğunu bir daha sübut etdi. Bu şanlı Zəfər, şəhidlərimizin adı və qəhrəmanlıq salnaməsi xalqımızın yaddaşında daim yaşayacaq, heç zaman unudulmayacaq.”
Sonra çıxışlar dinlənilib. Tarix və filologiya kafedrasının baş müəllimi Qorxmaz Hacızadə çıxış edərək Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yoluna və Zəfərə aparan tarixi proseslərə nəzər salıb. Kafedranın baş müəllimi Aslan İbrahimov çıxışında Vətən müharibəsinin gedişi və Azərbaycan Ordusunun tarixi Qələbəyə gedən yolundan danışıb.
Daha sonra İnstitutun Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Aygül Məmmədova çıxış edərək Anım Gününün gənc nəslin milli yaddaşının, vətənpərvərlik hissinin və vətəndaşlıq məsuliyyətinin formalaşmasındakı əhəmiyyətini vurğulayıb.
Sonda dəyirmi masa iştirakçıları mövzu ətrafında fikir və mülahizələrini bölüşüb, Vətən müharibəsinin tarixi əhəmiyyəti, şəhidlərimizin qəhrəmanlıq irsinin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı müzakirələr aparıblar.