Naxçıvan Müəllimlər İnstitutunda 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün qeyd edilməsinin tarixi əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, qəbul etdiyi mühüm qərarlar və atdığı qətiyyətli addımlar nəticəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edildiyini vurğulayıb.
Elşən Məmmədov qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu da vətənpərvər ruhda yetişən, yüksək bilik və bacarıqlara yiyələnən gənclərin hazırlanması ilə dövlətə və cəmiyyətə öz töhfəsini verməyə davam edir. Rektor gənclərin keyfiyyətli təhsil alaraq gələcəkdə yüksək səviyyəli mütəxəssislər kimi yetişəcəklərinə və dövlətçiliyimizin möhkəmləndirilməsinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Daha sonra Tarix və filologiya kafedrasının baş müəllimi Aslan İbrahimov “Zəfərdən suverenliyə: Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası” mövzusunda məruzə ilə çıxış edib.
Kafedranın müəllimi Altay Cəfərli isə “Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin tarixi (1991–2020-ci illər)” mövzusunda çıxış edərək müstəqillik illərində baş verən tarixi proseslər və ərazi bütövlüyünün bərpası istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə həmçinin 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda Elşən Məmmədov kollektivi suveren, azad və müstəqil Azərbaycanın vətəndaşları olmaları münasibətilə bir daha təbrik edib, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Dəyirmi masa mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

