NMİ tələbəsinin kitab təqdimatı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin tələbəsi, Heydər Əliyev adına təqaüdçü olmuş fəal ictimai gənc Zümrüd Yusifzadənin müəllifi olduğu “Simurq – Bir yol, on sual” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə institut rəhbərliyi, fakültə dekanlığının əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər.
Təqdimat mərasimini giriş sözü ilə institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov açaraq müəllifi ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik edib. O, kitabı oxuduğunu qeyd edərək əsərdə yer alan düşüncələrin, həyatın mənası, insanın özünü tanıması və mənəvi inkişafı ilə bağlı mesajların oxucunu düşündürən məqamlar olduğunu bildirib. Xəyal Camalov əsərin gənc müəllifin intellektual potensialını və həyata baxışını əks etdirdiyini vurğulayaraq Zümrüd Yusifzadəyə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
İnstitutun Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti üzrə baş mütəxəssisi Aygül Məmmədovanın moderatorluğu ilə davam edən tədbirdə müəllifin müəllimləri, institutun kitabxana əməkdaşı, valideyni və tələbələr çıxış ediblər. Çıxış edənlər Zümrüd Yusifzadənin tələbəlik illərində göstərdiyi fəallıqdan, ictimai fəaliyyətindən, şəxsi keyfiyyətlərindən və yaradıcılıq potensialından bəhs edərək onu ilk kitabının nəşri münasibətilə təbrik ediblər.
Kitab haqqında fikirlərini bölüşən natiqlər qeyd ediblər ki, “Simurq – Bir yol, on sual” əsəri oxucunu düşünməyə, həyatın müxtəlif məqamlarına fərqli baxış bucağından yanaşmağa və mənəvi axtarışlara sövq edən maraqlı bir əsərdir. Eyni zamanda müəllifin gələcək yaradıcılıq fəaliyyətinə olan inam və etimad ifadə olunub, ona şəxsi və peşəkar fəaliyyətində yeni uğurlar arzulanıb.
Tədbirdə çıxış edən müəllif kitabın ərsəyə gəlmə prosesi, əsərin ideyası və qarşıya qoyulan məqsədlər barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Sonda xatirə şəkilləri çəkdirilib və iştirakçılara müəllif tərəfindən imzalanmış kitablar hədiyyə olunub.