NMİ əməkdaşı beynəlxalq festivalda iştirak edib

2–14 iyun tarixlərində Bakı şəhərində keçirilən “Xəzər dalğaları 2026” beynəlxalq sulu boya rəsm festivalında Naxçıvan Muxtar Respublikasını təmsil edən rəssamlar arasında Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyev də yer alıb.
Dünyanın müxtəlif ölkələrindən rəssamların qatıldığı festival yaradıcılıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, Həbib Allahverdiyev yalnız fərdi yaradıcılıq nailiyyətləri ilə deyil, eyni zamanda təhsil verdiyi tələbələrinin müxtəlif səviyyəli müsabiqə və sərgilərdə əldə etdikləri uğurlarla da muxtar respublikanın incəsənət və təhsil mühitində tanınır. Onun rəhbərliyi ilə hazırlanan tələbələr həm müəssisə daxili, həm də muxtar respublika və respublika səviyyəli tədbirlərdə uğurla çıxış edərək müxtəlif mükafatlara layiq görülüblər.
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşının beynəlxalq festivalda iştirakı ali təhsil müəssisəsinin yaradıcılıq və incəsənət sahəsindəki potensialının nümayişi, həmçinin institutun ölkə və beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyət daşıyır.