NMİ-də “Şəhərsalma və memarlıq ili” çərçivəsində ümuminstitut elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Şəhərsalma və memarlıq ili” və “WUF13”-ə həsr olunan “Naxçıvan tarixi memarlıq abidələri təsviri sənətdə” mövzusunda ümuminstitut elmi-praktik konfrans təşkil olunub.
Konfransın açılışında giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov tədbirin əhəmiyyətindən bəhs edərək qədim diyar Naxçıvanın tarixi memarlıq irsinin təsviri sənətdə əks olunmasının elmi və estetik baxımdan öyrənilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, bu cür elmi-praktik konfranslar milli-mədəni irsin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır, eyni zamanda gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasına geniş imkanlar yaradır. Rektor qeyd edib ki, memarlıq abidələrinin sənətdə əksi yalnız estetik dəyər deyil, həm də tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin mühüm vasitəsidir.
Plenar iclasda “İncəsənət” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva “Əcəmi memarlıq abidələrinin təsviri XIX–XX əsr tarixi qrafika sənətində” mövzusunda məruzə ilə təqdimatla çıxış edib. Məruzədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərin Naxçıvanın tarixi-mədəni irsinə göstərilən diqqətin bariz nümunəsi olmasından bəhs edib.
Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib. Bölmə iclaslarında memarlıq abidələrinin təsviri, şəhər mühitinin estetik dəyərləri, Naxçıvan rəssamlarının yaradıcılığında memarlıq nümunələrinin bədii əksi, eləcə də tarixi abidələrin müxtəlif sənət istiqamətlərində təsviri ilə bağlı məruzələr dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb.