NMİ-də “Sosial dəstək və psixoloji yardımın əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

16 aprel 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Sosial dəstək və psixoloji yardımın əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov mövzunun aktuallığını vurğulamış, müasir dövrdə sosial dəstək mexanizmlərinin və psixoloji yardımın cəmiyyətin sağlam inkişafında mühüm rol oynadığını qeyd etmişdir.
Tədbirin davamında çıxış edən Ümumi işlər üzrə prorektor Xəyal Camalov sosial dəstək və psixoloji yardımın institusional səviyyədə təşkili məsələlərinə toxunmuş, bu istiqamətdə maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırmışdır.
Daha sonra Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevinc Vəliyeva sosial dəstək anlayışının mahiyyəti, fərdlərin psixoloji rifahının qorunmasında onun əhəmiyyəti, eləcə də təhsil mühitində psixoloji xidmətlərin rolu barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, düzgün təşkil olunmuş psixoloji yardım sistemi fərdlərin emosional dayanıqlığının artırılmasına və sosial adaptasiyanın gücləndirilməsinə xidmət edir.
Sonda Naxçıvan Müəllimlər İnstitutunun mülki müdafiə məsələləri üzrə baş inspektoru Ramal Bəhlulov çıxış edərək fövqəladə hallarda əhalinin psixoloji hazırlığının vacibliyindən, stress və panika hallarında düzgün davranış qaydalarından bəhs etmişdir.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.