NMİ-də “Milli yaddaşımızda Zəfər yolu” mövzusunda dəyirmi masa keçirilib

17 sentyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş “Milli yaddaşımızda Zəfər yolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur günü kimi yaşayır. Qazanılmış Qələbə şəhidlərin fədakarlığı və igidliyi, qazilərin rəşadəti, xalqımızın birliyi və dövlətimizin gücü sayəsində mümkün olub. Elşən Məmmədov qeyd edib ki, bu günün mahiyyəti gənc nəslə düzgün və dolğun şəkildə çatdırılmalı, şəhidlərin qəhrəmanlığı və qazilərin fədakarlığı daim uca tutulmalıdır.
Sonra Ümumi fənlər kafedrasının dosenti Oktay Rzayev “Vətən müharibəsi və ya Dəmir yumruq əməliyyatı” mövzusunda məruzə ilə çıxış edib. O, Ali Baş Komandanın sərkərdəlik məharətindən, ordumuzun gücündən və xalqımızın həmrəyliyindən danışaraq Vətən müharibəsinin qazanılmasında əsas amilləri diqqətə çatdırıb.
Ardınca Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Müstəqillikdən Zəfərə gedən yol” mövzusunda çıxış edib. O, müstəqil dövlətçiliyimizin inkişaf yolunu, xalqımızın azadlıq uğrunda mübarizəsini və 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini təhlil edib.
Daha sonra dəyirmi masa iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar. Çıxışlarda 27 Sentyabrın Azərbaycanın milli yaddaşında qəhrəmanlıq və vətənpərvərlik günü kimi həkk olunduğu vurğulanıb.
Dəyirmi masa tələbələrin iştirakı ilə nümayiş etdirilən Vətənpərvərlik ruhlu videoçarx və geniş müzakirələrlə yekunlaşıb.