16 sentyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə “Ədəbiyyatın cəmiyyətə təsiri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov açaraq, yeni tədris ilində keçirilən ilk tədbirin əhəmiyyətindən danışıb. O, kitab oxumağın və mütaliənin insan həyatında oynadığı mühüm rolu vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Daha sonra “ASAN xidmət” Mərkəzində Vətəndaşların hüquqlarının təminatı sektorunun müdiri Tutu Dilavərli çıxış edərək ASAN Könüllüləri təşkilatının fəaliyyəti barədə məlumat verib, mövzu üzrə fikirlərini bildirib.
Tədbirdə institutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, şair-dramaturq, dosent Həsənəli Eyvazlı və kafedranın professoru Yusif Səfərov mövzu ətrafında çıxış ediblər.
Həsənəli Eyvazlı müəllifi olduğu şeirlərdən nümunələr səsləndirərək, ədəbiyyatın insanın daxili aləminin zənginləşdirilməsində mühüm rol oynadığını qeyd edib. O, Birinci və İkinci Qarabağ müharibəsi dövründə yazılan vətənpərvərlik mövzulu şeirlərin xalqımızın ruh halını ifadə etdiyini vurğulayıb: “Ədəbiyyat o zaman təsirli olur ki, ordakı fikirlər insanın ürəyindən xəbər versin. Bu gün informasiya bolluğu içərisində yetişən gəncliyin çiyinlərinə böyük vəzifələr düşür”, – deyə o bildirib.
Professor Yusif Səfərov mövzunun aktuallığından bəhs edərək, ədəbiyyatsız cəmiyyətin mövcud ola bilməyəcəyini bildirib. O vurğulayıb ki, tarix boyu milli mədəniyyətin əsasını təşkil edən ağıl, mərifət və tərbiyə məhz ədəbiyyat vasitəsilə formalaşıb. Professor qeyd edib ki, şifahi xalq ədəbiyyatı nümunələri xalqımızın həyat tərzinin, dünyagörüşünün və mənəvi zənginliyinin məhsuludur. O, həmçinin “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan ədəbiyyatının və milli kimliyimizin formalaşmasında mühüm yer tutduğunu xüsusi vurğulayıb.



