16 aprel 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Aşıq Ələsgərin anımının 100 illiyinə həsr olunmuş “Aşıq poeziyasının sonuncu nəhəngi” mövzusunda tədbir keçirilmişdir. Tədbir institutun kitabxanasında təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov Aşıq Ələsgərin Azərbaycan aşıq ədəbiyyatında tutduğu mühüm yerindən, onun yaradıcılığının milli-mənəvi dəyərlərin formalaşmasındakı rolundan bəhs etmişdir.
Sonra Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Həsənalı Eyvazlı mövzu ətrafında çıxış edərək Aşıq Ələsgər yaradıcılığının bədii-estetik xüsusiyyətlərindən, onun poeziyasının xalq ruhuna yaxınlığı və milli kimliyin qorunmasındakı əhəmiyyətindən danışmışdır. Daha sonra baş kitabxanaçı Afət Həsənova “Aşıq Ələsgər – Haqqa qovuşan sənətkar” mövzusunda çıxış edərək böyük sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. İnstitutun təcrübə rəhbəri Pedaqogika üzrə fəlsəfə doktoru Gülmira Əsədova “Aşıq Ələsgər irsi dünəndən bu günə – gəncliyə örnək” mövzusunda çıxışında ustad aşığın irsinin müasir dövrdə gənclərin mənəvi tərbiyəsində əhəmiyyətini vurğulamışdır. İnstitutun magistrantı Zöhrə Əsədova “Aşıq Ələsgər yaradıcılığı: milli dəyərlər və vətənpərvərlik məktəbi” mövzusunda məruzə ilə çıxış etmiş, sənətkarın yaradıcılığında vətənpərvərlik ideyalarının geniş yer tutduğunu qeyd etmişdir. Təcrübəçi tələbə Səfərli Eltac isə “Gənclərə vətən sevgisini aşılayan ölməz misralar” mövzusunda çıxışı ilə diqqət çəkmişdir. Tədbirin bədii hissəsində Aşıq Ələsgərin yaradıcılığından nümunələr səsləndirilmiş, tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.


