Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyeva 2025-ci ilin oktyabr ayında Özbəkistan və Azərbaycanda keçirilən bir sıra beynəlxalq elmi tədbirlərdə iştirak edərək Azərbaycan elmini və Naxçıvan Müəllimlər İnstitutunu layiqincə təmsil edib.
Alim 10 oktyabr tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilən “Özbəkistan–Azərbaycan ədəbi əlaqələri və əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda elmi məruzə ilə çıxış edib. Ardınca 10–11 oktyabrda Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan IX Beynəlxalq Türklərin Dünyası Sosial və Humanitar Elmlər Simpoziumunda “Türkiyə–Azərbaycan münasibətlərinin Türk Dövlətləri Təşkilatından Türk Dövlətləri Birliyi idealına doğru hədəfləri” mövzusunda təqdimatla çıxış edib.
Bununla yanaşı, 17 oktyabrda Özbəkistanın Cizzəx Dövlət Pedaqoji Universitetində keçirilən 3-cü Özbəkistan–Azərbaycan Akademik Forumunda əsas məruzəçi (Keynote Speaker) qismində çıxış edən Ruhəngiz Əliyeva “Özbəkistan–Azərbaycan əlaqələrinin tarixi kökləri və bugünkü vəziyyəti” mövzusunda məqalə təqdim edib və elmi fəaliyyətinə görə “Tanınma Sertifikatı” ilə təltif olunub.
Alim, həmçinin 18 oktyabrda Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunan “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Elmi nailiyyətlərinə və Türk Dünyasında akademik əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Ruhəngiz Əliyevaya BZT Turan Academy tərəfindən “Fəxri Doktor” diplomu təqdim olunub.
Dosent Ruhəngiz Əliyevanın beynəlxalq elmi tədbirlərdə iştirakı elm və təhsilin diplomatiya, mədəniyyət və inteqrasiya sahəsində körpü rolunu möhkəmləndirən mühüm hadisə kimi dəyərləndirilir. Ona gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.


