NMİ-də disleksiya üzrə peşəkar inkişaf təlimi keçirilib

21 oktyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda (NMİ) Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə “Disleksiya ilə öyrənməyə və yaşamağa fərqli baxışlar” mövzusunda peşəkar inkişaf təlimi keçirilib.
Təlimin açılışında giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, məzunların peşəkar inkişafına dəstək məqsədi daşıyan belə təşəbbüslərin davamlı olacağını vurğulayıb.
Təlimin məruzəçisi- Naxçıvan Müəllimlər İnstitutunun İbtidai sinif müəllimliyi ixtisasının məzunu, disleksiya (xüsusi pedaqogika) üzrə mütəxəssis, Kəngərli rayon Təhsil şöbəsinin metodisti və Xok rayon tam orta məktəbinin müəllimi Nazlı Singin olub.
Təlim zamanı disleksiya ilə bağlı maarifləndirmə aparılıb, öyrənmə çətinlikləri olan şagirdlərlə işləmək üçün effektiv metodlar və yanaşmalar iştirakçılarla bölüşülüb. Praktiki nümunələr əsasında interaktiv müzakirələr aparılıb, sual-cavab sessiyasında iştirakçılar öz fikirlərini bildiriblər.