NMİ-də “Azərbaycan təsviri sənətində ənənə və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib

17 dekabr tarixində Naxçıvan Müəllimlər İnstitutunda ümuminstitut elmi-praktik konfransları çərçivəsində İncəsənət kafedrasının təşkilatçılığı ilə “Azərbaycan təsviri sənətində ənənə və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan institutun elm və innovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı tədbirin təsviri sənət sahəsində elmi yanaşmaların və müasir tendensiyaların öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.
Konfransda İncəsənət kafedrasının müəllimləri tərəfindən Naxçıvan təsviri sənətinə dair müxtəlif mövzularda məruzələr təqdim olunub. Məruzələrdə Naxçıvan teatr rəssamlarının yaradıcılığında üslub müxtəlifliyi, monumental heykəltəraşlıq nümunələri, akvarel texnikasının xüsusiyyətləri, müasir dövrdə tarixi abidələrin bədii təsviri və rəssamların yaradıcılığında üslub axtarışları ətrafında müzakirələr aparılıb.
Təqdimatlar zamanı müəllimlər mövzulara uyğun əyani vəsaitlər və ədəbi mənbələrdən istifadə edərək tələbələrə həm nəzəri, həm də praktiki məlumatlar veriblər. Bu yanaşma tələbələrin mövzunu daha dərindən mənimsəməsinə və elmi-tədqiqat bacarıqlarının inkişafına xidmət edib.
Konfrans tələbələr tərəfindən maraqla qarşılanıb və sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb.