Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyi tələbələrlə görüş keçirib

Naxçıvan Müəllimlər İnstitutunda tələbələrlə açıq dialoq və fikir mübadiləsinə əsaslanan “Açıq mikrofon” formatında görüş keçirilib.
Tədbirdə institutun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri və tələbə gənclər təşkilatının nümayəndələri iştirak ediblər. Görüşün məqsədi tələbələrin tədris prosesi, sosial mühit, təcrübə proqramları və instituta dair digər məsələlərlə bağlı fikir və təkliflərini dinləmək olub.
Tədbiri institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq belə görüşlərin tələbələrlə birbaşa ünsiyyətin gücləndirilməsində, onların tədris və sosial həyatda qarşılaşdıqları məsələlərin operativ həllində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu tələbəyönümlü idarəetməni əsas prinsiplərdən biri kimi müəyyənləşdirib və hər bir tələbənin təklif və fikri institut rəhbərliyi üçün dəyərlidir.
Daha sonra institutun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Qurban Qurbanlı çıxış edərək tələbələrin istəklərinin təhsil prosesinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. O bildirib ki, tələbələrin aktivliyi, müasir tədris mühitinə dair baxışları və təşəbbüsləri təhsil proqramlarının keyfiyyətinə və praktik yönümlülüyünə birbaşa təsir göstərir.
Tələbələr görüş zamanı tədris prosesinin təşkili, təcrübə proqramları, fənn məzmunları, sosial fəaliyyət və digər məsələlərlə bağlı öz təkliflərini səsləndiriblər.
Rəhbərlik tərəfindən bildirilib ki, səsləndirilən təkliflər diqqətlə təhlil ediləcək və tədris mühitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atılacaq.
Səmimi və qarşılıqlı anlayış şəraitində keçən görüş tələbə-rəhbərlik münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edib.