NMİ-də uğur qazanan tələbələrlə görüş keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov “Şəhərsalma və Memarlıq İli” münasibətilə keçirilən “VIII Art Battle” rəsm müsabiqəsində uğur qazanan tələbələrlə görüşüb.
Görüşdə Elşən Məmmədov müsabiqədə yüksək nəticə göstərərək I, II və III yerlərə layiq görülən tələbələr – Zəhra Məmmədzadə, Səadət Həziyeva və Yasəmən Səfərovanı təbrik edib. O bildirib ki, tələbələrin əldə etdikləri nailiyyətlər həm onların şəxsi uğuru, həm də Naxçıvan Müəllimlər İnstitutunun təhsil və yaradıcılıq mühitinin göstəricisidir.
Rektor qeyd edib ki, gənclərin bilik və bacarıqlarının, eləcə də yaradıcılıq potensiallarının inkişaf etdirilməsi institutun əsas prioritetlərindən biridir. O vurğulayıb ki, tələbələrin müxtəlif müsabiqələrdə qazandıqları uğurlar onların öz üzərlərində daim çalışdıqlarını və institutu layiqincə təmsil etdiklərini göstərir.
Elşən Məmmədov tələbələrin əldə etdikləri uğurun arxasında onların əzmkarlığı ilə yanaşı, müəllimlərin zəhmətinin və fakültə rəhbərliyinin də mühüm rol oynadığını qeyd edib. O, müsabiqədə fərqlənən tələbələri, onların müəllimlərini və fakültə dekanlıqlarını təbrik edərək, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Tələbələr göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, gələcəkdə də müxtəlif müsabiqə və layihələrdə institutu uğurla təmsil etmək üçün səylərini davam etdirəcəklərini bildiriblər.