Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsinin İncəsənət kafedrasının təşkilatçılığı ilə Culfa rayonu Darıdağ Arsenli Su Müalicə Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə sənaye və şəhərlərin inkişafının təsviri sənətdə bədii inikası” mövzusunda ümuminstitut elmi seminarı keçirilib. Seminar “Şəhərsalma və memarlıq ili” və WUF13 çərçivəsində təşkil olunub.
Seminarı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifələrini icra edən dosent Elşən Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçilik tarixindəki misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olunub, sənaye potensialı gücləndirilib və şəhərsalma sahəsində mühüm inkişaf mərhələləri başlanıb. Qeyd olunub ki, bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rektor həmçinin təşkil olunan elmi seminarın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür tədbirlər tələbələrin elmi dünyagörüşünün formalaşmasında, yaradıcılıq potensialının inkişafında və nəzəri biliklərin praktik mühitdə tətbiqində mühüm rol oynayır. Bildirilib ki, seminarın praktik mühitdə təşkili institutda tətbiq olunan müasir tədris yanaşmalarının mühüm nümunəsidir.
Daha sonra çıxış edən institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin Azərbaycanın sosial-iqtisadi inkişafına güclü təkan verdiyini vurğulayıb.
Seminarda kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə sənaye və şəhərlərin inkişafının təsviri sənətdə bədii inikası” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, həmin dövrdə həyata keçirilən sənaye və şəhərsalma siyasəti təsviri sənətdə yeni bədii istiqamətlərin formalaşmasına zəmin yaradıb və rəssamların yaradıcılığında urban inkişaf və sənaye mənzərələri geniş şəkildə əks olunub.
Daha sonra Darıdağ Arsenli Su Müalicə Mərkəzinin direktoru Elvin Əliyev müəssisənin fəaliyyəti və region üçün əhəmiyyəti barədə məlumat verib.
Kafedranın dosenti Nizami Alıyev isə Azərbaycan təsviri sənətində şəhər və sənaye mövzularının inkişaf istiqamətlərindən danışaraq Ulu Öndər dövrünün bu sahəyə verdiyi mühüm impulsu qeyd edib.
Seminarın praktiki hissəsində tələbələr Darıdağ və ətraf ərazilərdə etüdlər apararaq təbiət və sənaye mənzərələrini əks etdirən rəsmlər hazırlayıblar. Sonda Həbibə Allahverdiyeva tərəfindən yağlı boya ilə çəkilmiş Darıdağ mənzərəsi Mərkəzə hədiyyə olunub.


