NMİ-də dillərarası dialoqa həsr olunan elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda ümuminstitut elmi-praktik konfranslar çərçivəsində “Müasir dövrdə dillərarası dialoq: tərcümənin ənənəvi və müasir problemləri” mövzusunda növbəti elmi-praktik konfrans təşkil olunub.
Konfransın açılış mərasimində giriş sözü ilə çıxış edən institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov institutda təşkil olunan elmi-praktik konfransların əhəmiyyətini vurğulayıb, əvvəlcədən təsdiqlənmiş iş planına uyğun olaraq kafedralar tərəfindən həyata keçirilən bu konfransları yüksək dəyərləndirdiyini bildirib. Rektor müasir dövrdə dillərarası ünsiyyətin genişlənməsi fonunda tərcümə fəaliyyətinin əhəmiyyətindən bəhs edib, bu sahədə elmi yanaşmalarla praktik təcrübənin vəhdətinin vacibliyini diqqətə çatdırıb.
Plenar iclasda Elm və innovasiya məsələləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı müasir tərcüməşünaslığın vəziyyəti, bu sahədə aktual problemlər və nəzəri yanaşmaların praktik tətbiqi barədə ətraflı məlumat verib. Bildirilib ki, tərcümə prosesi yalnız dillərarası ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır. Eyni zamanda, sahədə qarşıya çıxan çətinliklər və müasir çağırışlar da iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında müasir dövrdə tərcümənin nəzəri və praktik problemləri, rəqəmsallaşmanın təsiri, süni intellekt texnologiyalarının tətbiqi, eləcə də dillərarası dialoqun inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və konfrans öz işini uğurla başa çatdırıb.