NMİ-də Təbiət və incəsənət fakültəsi üzrə TEC-in yekun konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və incəsənət fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin 2025–2026-cı tədris ilinə aid yekun konfransı keçirilib.
Konfrans plenar iclasla başlayıb. İclasda institutun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Qurban Qurbanlı, fakültə dekanı Nazilə Muradova və fakültənin TEC sədri Selcan Əliyeva çıxış edərək tələbələrin elmi-tədqiqat fəaliyyətinin əhəmiyyətindən və onların elmi potensialının inkişaf etdirilməsinin vacibliyindən bəhs ediblər.
Plenar iclas çərçivəsində aktual mövzular üzrə məruzələr dinlənilib. Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Riyaziyyat və informatikanın tədrisi metodikası, informatika (rəqəmsal bacarıqlar), təsviri incəsənət, pedaqoji və psixoloji fənlər, təbiət və humanitar-ictimai sahələri əhatə edən bölmələrdə tələbələr müxtəlif mövzular üzrə çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib.
Bölmə iclaslarında məruzələr müəyyən olunmuş meyarlar əsasında qiymətləndirilib və fərqlənən tələbələrin növbəti mərhələyə buraxılması nəzərdə tutulub.
Konfrans tələbələrin elmi yaradıcılıq potensialının üzə çıxarılması və onların tədqiqat fəaliyyətinə marağının artırılması baxımından əhəmiyyətli olub.