29 aprel 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə 2025–2026-cı tədris ilinə aid yekun konfrans keçirilib.
Konfransın iş qrafikinə uyğun olaraq əvvəlcə iştirakçıların qeydiyyatı aparılıb, daha sonra plenar iclas təşkil olunub. Plenar iclasda institutun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Qurban Qurbanlı, fakültə dekanı Samirə Həsənova və fakültə TEC sədri Asiman Cabbarova çıxış edərək tələbələrin elmi-tədqiqat fəaliyyətinin əhəmiyyətindən bəhs ediblər.
Plenar hissədə tələbələrin məruzələri dinlənilib. Mövzular sırasında müasir Azərbaycan dilində informasiya texnologiyaları terminlərinin işlənməsi, Vətən müharibəsində Naxçıvan şəhidləri kimi aktual istiqamətlər yer alıb.
Ardınca proqram üzrə bölmə iclaslarına start verilib. Pedaqoji elmlər, pedaqoji-psixologiya, riyaziyyat və onun tədrisi metodikası, filoloji fənlər, humanitar və ictimai sahələr, eləcə də xarici dillərin tədrisi metodikası üzrə ümumilikdə 10 bölmədə tələbələrin məruzələri təqdim olunub və müzakirələr aparılıb.
Konfrans zamanı məruzələr müəyyən edilmiş reqlamentə uyğun təqdim edilib, iştirakçılar tərəfindən suallar ünvanlanıb və elmi müzakirələr aparılıb. Qiymətləndirmə meyarlarına əsasən mövzunun aktuallığı, tədqiqatın işlənilmə səviyyəsi və təqdimat bacarıqları nəzərə alınıb.
Sonda bölmələr üzrə yüksək nəticə göstərən tələbələrin növbəti mərhələyə buraxılacağı bildirilib.


