Naxçıvan Müəllimlər İnstitutunda 24 aprel 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda VIII Respublika elmi konfransı öz işinə başlayıb.
Konfrans hibrid formatda – həm əyani, həm də videobağlantı vasitəsilə təşkil olunub. Konfransda Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Hərbi Elmi Tədqiqatlar İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının bəzi elmi müəssisələri də daxil olmaqla ümumilikdə 19 ali təhsil və elmi qurumun nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransın açılış mərasimində çıxış edən institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, müasir dövrdə təhsil, elm və innovasiyanın inteqrasiyası dayanıqlı inkişafın əsas şərtlərindən biridir. O qeyd edib ki, bu kimi elmi platformalar ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və gənc tədqiqatçıların potensialının üzə çıxarılmasına mühüm töhfə verir.
Daha sonra İnstitutun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Qurban Qurbanlı çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən təhsilə verilən yüksək dəyərin bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, artıq ənənə halını almış bu cür elmi konfranslar gənc tədqiqatçıların elmi araşdırmalarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, dosent İlham Cavadov isə çıxışında konfransın yüksək səviyyədə təşkilinə görə institut rəhbərliyinə və təşkilat komitəsinə minnətdarlığını bildirib, müasir təhsil sistemində innovativ yanaşmaların, rəqəmsallaşmanın və elmi fəaliyyətin inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.
Plenardan sonra konfrans öz işini 10 panel iclası ilə davam etdirib. Panel müzakirələrində təhsildə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi, müasir pedaqoji yanaşmalar, inklüziv təhsil, inkişaf psixologiyası, filoloji və ictimai-humanitar fənlərin tədrisi metodikası, eləcə də multidissiplinar və tətbiqi elmlərin aktual məsələləri geniş müzakirə olunub.
Elşən Məmmədov konfransın gedişi zamanı bölmələrdə olub, panel iclaslarının iş prosesi ilə yaxından tanış olub, təqdim olunan məruzələri dinləyib və müzakirələrin elmi səviyyəsini yüksək qiymətləndirib. O, iştirakçılarla fikir mübadiləsi apararaq konfransın səmərəli təşkili və elmi mühitin formalaşdırılması baxımından mühüm platforma olduğunu vurğulayıb.
Tədbirin təşkilati səviyyəsi və məzmun keyfiyyəti baxımından əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə keçirilməsi iştirakçılar tərəfindən xüsusi vurğulanıb.
Qeyd edək ki, konfransa 10 panel üzrə 110-dan artıq elmi məqalə daxil olub. Həmin məqalələrin konfrans materialları şəklində nəşr edilərək institutun rəsmi internet səhifəsində elmi bazada yerləşdirilməsi nəzərdə tutulur.


