NMİ-də riyaziyyatçı alim, şöhrət ordenli professor Sadıq Vəliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

15 aprel 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda görkəmli riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Vəliyev Sadıq Hüseynəli oğlunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Naxçıvan Müəllimlər İnstitutunun formalaşması və inkişafında mühüm xidmətləri olan professor Sadıq Vəliyevin xatirəsinə ehtiramla başlayıb.
Tədbirdə institutun rektor vəzifələrini icra edən dosent Elşən Məmmədov çıxış edərək riyaziyyatçı alimin ömrünü bütövlükdə təhsilə, elmin inkişafına və gənc nəslin formalaşmasına həsr etdiyini vurğulayıb. Qeyd olunub ki, o, əvvəlcə 2000–2003-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının ilk direktoru kimi fəaliyyət göstərib, daha sonra 2003-cü ildə filial müstəqil ali təhsil müəssisəsinə çevrildikdən sonra onun ilk rektoru olub və uzun illər bu ali təhsil ocağına rəhbərlik edib.
Daha sonra çıxış edən alimin xələflərindən biri olan dosent Azad Novruzov, eləcə də institutun struktur rəhbərləri professor Yaqub Məmmədov, Həsənalı Eyvazlı, Qızıltac Şahbazova, Sahib Əliyev, Ələsgər İmanov, Nazilə Muradova və Sevinc Vəliyeva Sadıq Vəliyevin həm alim, həm də rəhbər kimi yaratdığı elmi-pedaqoji mühitdən danışıblar. Çıxışlarda vurğulanıb ki, o, sadəcə bir rəhbər deyil, Naxçıvan Müəllimlər İnstitutunda güclü elmi məktəb formalaşdıran, gənc müəllim və tədqiqatçıların inkişaf yolunu müəyyən edən şəxsiyyət kimi yadda qalıb.
Qeyd edilib ki, professor Sadıq Vəliyev riyazi analiz və funksional analiz sahəsində mühüm elmi istiqamətlərin formalaşmasına töhfə verib, bu sahədə yeni yanaşmalar və tədqiqat istiqamətləri ilə elmi məktəbin inkişafına xidmət edib. Onun fəaliyyəti yalnız elmi nəticələrlə deyil, eyni zamanda yetişdirdiyi kadrlarla da Azərbaycan riyaziyyat elminə mühüm təsir göstərib.
Sonda vurğulanıb ki, professor Sadıq Vəliyevin həyatı elmə və təhsilə həsr olunmuş bir ömür yolu kimi yadda qalıb. Onun adı Naxçıvan Müəllimlər İnstitutunun tarixinə və Azərbaycan elminin inkişaf salnaməsinə silinməz izlər həkk edib.
Tədbir səmimi, dərin ehtiram və xatirə hissləri ilə yekunlaşıb. İştirakçılar professor Sadıq Vəliyevin xatirəsini anaraq onun elmi və mənəvi irsinin gələcək nəsillər üçün örnək olacağını bildiriblər.