NMİ-də “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

9 aprel 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan İnstitutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov korrupsiyaya qarşı mübarizənin cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. O bu istiqamətdə maarifləndirmə tədbirlərinin rolunu xüsusi vurğulamış, iştirakçıları bu kimi mövzulara qarşı daha həssas olmağa çağırmışdır.
Daha sonra İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxış edərək qeyd etmişdir ki, korrupsiyaya qarşı mübarizə yalnız inzibati tədbirlərlə deyil, eyni zamanda maarifləndirmə və düzgün dəyərlərin aşılanması ilə daha effektiv nəticə verir. O, təhsil müəssisələrinin bu sahədə mühüm rol oynadığını bildirmiş, mövzu ilə bağlı qanunvericilikdə əksini tapan müddəaları iştirakçıların diqqətinə çatdırmışdır.
Tədbirdə çıxış edən İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Xatın Ağayeva çıxışında vurğulamışdır ki, cəmiyyətdə mənəvi həssaslığın formalaşdırılması hər bir fərdin üzərinə düşən məsuliyyətdir və xüsusilə gənc nəsil bu mövzulara qarşı həssas olmalıdır.
Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli isə çıxışında gənclərin korrupsiyaya qarşı mübarizədə fəal mövqe tutmasının vacibliyini qeyd etmiş, dürüstlük və şəffaflıq prinsiplərinin həyat tərzinə çevrilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
Tədbirin sonunda tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.