02 aprel tarixində Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə “Əsrə sığmayan şair” adlı ədəbi-bədii görüş təşkil olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncamı xüsusilə vurğulamış, dövlətimizin ədəbiyyatımıza, incəsənətimizə, ümumən mədəniyyətimizə göstərdiyi diqqət və qayğını qeyd etmişdir. Həmçinin Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı, onun poeziyasının milli ruhu, azərbaycançılıq ideyalarının təbliğindəki rolunu diqqətə çatdırmışdır.
Daha sonra Pedaqoji fakültənin dekanı Samirə Həsənova, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev, Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli şairin həyat və yaradıcılığından bəhs edən məruzələrlə çıxış etmişdir.
Tədbir çərçivəsində tələbələr Bəxtiyar Vahabzadənin müxtəlif illərdə yazdığı şeirlərdən nümunələr oxuyub, onun vətənpərvərlik və azadlıq ruhunda yazılmış əsərlərinin çağdaş dövrdə də aktuallığını vurğulayıblar. Tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında silinməz iz qoyduğunu və onun əsərlərinin daim oxucuların qəlbində yaşayacağını qeyd ediblər.

