Naxçıvan Müəllimlər İnstitutunda “27 mart – Azərbaycanda Elm Günü” münasibətilə ümuminstitut elmi seminarları çərçivəsində ilk elmi tədbir təşkil edilib.
Tədbiri açan Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı iştirakçıları Elm Günü münasibətilə təbrik edərək, günün təsis olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını, elmin və təhsilin inkişafına olan önəmini xüsusilə vurğulayıb. Prorektor bu seminarların məqdsədinin institutun aparıcı tədqiqatçılarının orijinal elmi araşdırmalarının nəticələrini, pedaqoji, habelə digər elm sahələrinin aktual elmi-nəzəri problemlərinə, tədqiqat metodları və onların tətbiqi yollarına dair fikir və təcrübələrini digər tədqiqatçılarla bölüşmək, gənc tədqiqatçılarda elmi-tədqiqat bacarıqları, diskussiya və tənqidi düşüncə qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olduğunu qeyd edib. Daha sonra Pedaqogika və psixologiya kafedrasının professoru, pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov “Nəsrəddin Tusi yaradıcılığında tələbəlik mədəniyyəti məsələsinin yeri və rolu” mövzusunda geniş və ətraflı məruzə təqdim edib. Kamal Camalov Nəsrəddin Tusinin təhsil və tələbə mədəniyyəti sahəsindəki dərslərini və təsirlərini müasir təhsil sisteminə uyğun şəkildə izah edib. O, Nəsrəddin Tusinin fəlsəfi və pedaqoji irsinin tələbə mədəniyyətinin formalaşmasında necə mühüm rol oynadığını vurğulayıb.
Məruzənin ardından keçirilən müzakirələrdə iştirakçılar geniş fikir mübadiləsi aparıb, Nəsrəddin Tusinin irsinin təhsil sahəsindəki aktual məsələlərə olan təsirini daha da dərindən təhlil ediblər. Bu tədbir həmçinin Naxçıvan Müəllimlər İnstitutunun elmi fəaliyyətinə verdiyi töhfə ilə Elm Gününə həsr olunan tədbirlərin həm ilki, həm də davamı olaraq böyük əhəmiyyət daşıyır. Elmi nailiyyətlərin paylaşılması istiqamətində növbəti elmi seminarların təşkil edilməsi planlaşdırılır. Tədbirdə Naxçıvan Müəllimlər İnstitutu ilə yanaşı digər ali təhsil və elm müəssisələrinin nümayəndələri də iştirak edib.

