NMİ-də narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müəllim və tələbələrlə yanaşı müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov açaraq narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə yaratdığını, xüsusilə gənclər arasında bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra mövzu müxtəlif istiqamətlərdən təhlil olunub. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Faiq Səfərov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi əsasları və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Ardınca çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri, Naxçıvan Müəllimlər İnstitutunun Hümanitar və ictimai fənlər kafedrasının dosenti, Tarix elmləri doktoru Zeynəb Quliyeva narkomaniyanın cəmiyyətə və gənc nəslin sağlam inkişafına mənfi təsirlərindən bəhs edərək bu sahədə maarifləndirmənin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən layihələrdən danışıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov isə narkotik vasitələrin insan sağlamlığına vurduğu ciddi zərərlər və yaratdığı tibbi fəsadlar haqqında məlumat verib.
Mövzu həm də psixoloji və sosial aspektdən təhlil olunub. NMİ-nin Pedaqogika və psixologiya kafedrasının dosenti Salatın Hacıyeva narkomaniyanın psixoloji təsirləri, gənclərin bu təhlükədən qorunmasında ailə və təhsil müəssisələrinin rolu barədə fikirlərini bölüşüb. Sonda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli narkomaniyaya qarşı mübarizədə dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb