NMİ-də pedaqoji təcrübələrin keyfiyyətli təşkili müzakirə olunub
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübələrin təşkili ilə bağlı professor-müəllim heyəti ilə iclas keçirilib.
İclasda giriş sözü ilə çıxış edən institutun rektor vəzifələrini icra edən dosent Elşən Məmmədov pedaqoji təcrübənin müəllim hazırlığında mühüm mərhələ olduğunu vurğulayıb. O bildirib ki, təcrübənin düzgün təşkili gələcək müəllimlərin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsində xüsusi əhəmiyyət daşıyır və bu prosesə məsuliyyətlə yanaşılmalıdır. Elşən Məmmədov təcrübə müddətində intizam, davamiyyət və hesabatlılıq məsələlərinin nəzarətdə saxlanılmasının vacibliyini də diqqətə çatdırıb.
Daha sonra çıxış edən pedaqoji təcrübə rəhbəri Gülmira Əsədova 2025–2026-cı tədris ilində təcrübələrin təşkili, tələbələrin baza məktəblərə bölgüsü, rəhbər müəllimlərin və metodistlərin vəzifələri, sənədləşmə və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verib.
Sonda müəllimlərin sualları cavablandırılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.


