Naxçıvan Müəllimlər İnstitutunda “Konstitusiya: Hüququmuzun təməli” adlı tədbir keçirilib

30 aprel 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya: Hüququmuzun təməli” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyətini, hüquqi və ictimai əhəmiyyətini tələbələr arasında təbliğ etmək və maarifləndirici fəaliyyəti gücləndirmək olub.
Tədbiri giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq, iştirakçıları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənc nəslin hüquqi biliklərə yiyələnməsi baxımından xüsusi önəm daşıyır. “Azərbaycan Respublikasının Konstitusiyası bizim hüquqi sistemimizin əsası olmaqla yanaşı, hər bir vətəndaşın hüquqlarını qoruyan və cəmiyyətin hüquqi əsaslar üzərində inkişafını təmin edən mühüm hüquqi çərçivədir,” – deyə Elşən Məmmədov vurğulayıb.
O əlavə edib ki, hüquqi biliklərin gənclərə aşılanması, onların hüquqi savadlılıq səviyyəsinin artırılması həm fərdi inkişaf, həm də ölkənin gələcək hüquqi və vətəndaş cəmiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan institutda keçirilən bu kimi tədbirlər təhsil prosesinin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Eyni zamanda, Elşən Məmmədov tədbir çərçivəsində Kitabxanada təşkil olunmuş sərgiyə də toxunaraq qeyd edib ki, sərgidə nümayiş etdirilən materiallar tələbələrin Konstitusiya və hüquqi dövlət quruculuğu barədə biliklərini zənginləşdirmək üçün mühüm vəsait rolunu oynayır. “Tələbələrimiz sərgidə yer alan kitab və digər hüquqi nəşrlərlə tanış olmaqla həm nəzəri, həm də praktiki biliklərini artırmaq imkanına malikdirlər. Biz institut rəhbərliyi olaraq bu cür maarifləndirici təşəbbüslərə daim dəstək göstəririk və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq,” – deyə o çıxışını tamamlayıb.
Daha sonra Kitabxananın müdiri Sara Səfərova “Konstitusiyamızın təbliğində kitabxanaların maarifləndirici funksiyası” mövzusunda çıxış edərək kitabxanaların hüquqi biliklərin aşılanmasında və vətəndaş cəmiyyətinin formalaşmasında oynadığı roldan bəhs edib.
Tədbirdə Humanitar və ictimai fənlər kafedrasının baş müəllimi Aslan İbrahimov “Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış vətəndaşların hüquq və vəzifələri insan hüquqlarının əsas tərkib hissəsi kimi” mövzusunda çıxış edərək Konstitusiyada təsbit olunmuş vətəndaş hüquqları və onların praktiki əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Həmçinin çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli tədbirin tələbələrin hüquqi maariflənməsində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, gənclərin Konstitusiya və vətəndaşlıq anlayışlarını dərindən mənimsəməsinin vacibliyini qeyd edib.