Magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinin başlanğıc konfransı keçirilib.

İnstitutun professor-müəllim heyətinin, təcrübə rəhbərləri və magistrantların iştirak etdiyi konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən Elşən Məmmədov ilk öncə təcrübəyə başlayan magistrantları təbrik edib, gələcək təcrübələrində uğurlar arzulayıb. Bildirib ki, magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsi professional magistr hazırlığı proqramının ayrılmaz hissəsidir və magistrantların təhsil prosesində əldə etdikləri nəzəri və təcrübi biliklərin daha çox genişlənərək möhkəmlənməsinə, gələcək professional fəaliyyətə hazırlanmasına yönəlmiş tədris posesidir. Onların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində, gələcəkdə elmi-pedaqoji kadr kimi formalaşmasında bu təcrübələrin əhəmiyyəti böyükdür. Elşən Məmmədov vurğulayıb ki, təcrübədə iştirak edən hər bir magistrant bu təcrübələr müddətində öz rəhbərləri ilə ciddi çalışmalı, təcrübə dərslərində, yazılmasında və dərsdinləmələrdə uğurlu olmalı, kargüzarlıq sənədlərini yaxşı öyrənməli, sonda hesabat verməli olduğunu bilən təcrübəli tələbə kimi auditoriyaya daxil olub, ali təhsil müəssisələrində elmi-pedaqoji kadr olaraq fəaliyyət göstərməyi hədəfləyən təcrübəli müəllim kimi auditoriyadan ayrılmalıdır.

Sonra konfransda Magistratura və doktorantura şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Qızıltac Şahbazova, pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva çıxış edib. Çıxışlarda bildirilib ki, mövcud tədris planına uyğun olaraq magistratura təhsil səviyyəsində 4 ixtisas üzrə təhsil alan 39 magistrant bu gündən etibarən tədris ilinin yaz semestrində 8 həftəlik elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini keçəcək, bu müddət ərzində apardıqları tədqiqatlar və uğurlu fəaliyyətləri nəticəsində peşəkar inkişaflarına, tədris metodlarını təkmilləşdirməyə və nəticədə təhsil sisteminin effektivliyini artırmağa kömək edəcəklər.

Natiqlər magistrantlara elmi tədqiqat işlərinin yazılması qaydaları, mövzuların strategiya və metodlarının seçilməsi yolları, tədqiqatın aparılması, təhlili, nəticələrin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib, bu fəaliyyətlərin icra olunması prosesində magistrantların üzərinə düşən vəzifələrə toxunublar.

 

Aygül Məmmədova

 Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis