
Naxçıvan Müəllimlər İnstitutunda 2024/2025-ci tədris ilinin yaz semestrində ümumilikdə 313 tələbənin iştirakı nəzərdə tutulan pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransda Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Rəşad Xudiyev, Təhsil Nazirliyinin əməkdaşları, institutun professor-müəllim heyəti, pedaqoji təcrübənin keçiriləcəyi müəssisələrin rəhbərləri və pedaqoji təcrübəyə başlayan tələbələr iştirak edib. Konfransda bütün təcrübəçi tələbələrin iştirakını təmin etmək məqsədilə ilk dəfə olaraq böyük akt zalında keçirilən tədbirə üç böyük auditoriyada zoom platforması vasitəsilə onlayn qoşulmalar olmuşdur.
Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən Elşən Məmmədov gənc nəslin yetişdirilməsi sahəsində yaradılan yüksək şəraitdən, göstərilən hərtərəfli dövlət qayğısından, kadr hazırlığında təcrübənin əhəmiyyətindən danışıb və qeyd edib ki, təcrübə kadr hazırlığının ən vacib sahələrindən biri olmaqla yanaşı, ali təhsil müəssisələrinin tədris planında xüsusi önəm daşıyan bir prosesdir. O diqqətə çatdırıb ki, bu müddət ərzində metodist, pedaqoq və psixoloq rəhbərlərin dəstəyi ilə mütəxəssislərin iş prosesində iştirak edərək müşahidə etməklə bir çox yeni qabiliyyətlərə yiyələnəcəklər. Proqram materiallarının perspektiv və cari planlaşdırılmasına dair qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə peşə funksiyalarını qazanmış olacaqlar.
Elşən Məmmədov təcrübə keçəcək tələbələrə dərslərə hazırlıqlı daxil olmaları, müəssisələrin daxili nizam-intizam qaydalarına riayət etmələri ilə bağlı tövsiyyələr verib, onlara uğurlar arzulayıb.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Rəşad Xudiyev çıxış edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil qanunlıarı və əsasnamələrə əsasən fəaliyyət göstərən və təcrübənin keçiriləcəyi müəssisələrin şəraitindən, maddi-texniki bazasından və tələbələrin mühitə uyğunlaşması, biliklərini inkişaf etdirmələri üçün pedaqoji təcrübənin mühüm əhəmiyyətindən danışıb, muxtar respublikada aparılan Sertifikasiya və MİQ imtahanlarında əldə olunan yüksək nəticələr haqqında məlumat verib.
Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva təcrübənin təşkili ilə bağlı görülmüş işlər, qarşıda duran vəzifələr haqqında çıxış edib, təcrübə prosesində müəssisə rəhbərləri, müavinləri, tərbiyəçilər və metodist müəllimlərin üzərinə düşən vəzifələrə toxunaraq qeyd edib ki, tələbələrin təcrübəsinin səmərəliliyi ali təhsil müəssisələrinin professor-müəllim heyəti ilə təcrübə müəssisəsi əməkdaşlarının birgə təşkilati və metodiki fəaliyyətlərindən asılıdır.
Konfransda həmçinin Pedaqoji fakültənin dekanı Samirə Həsənova və Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev Pedaqoji təcrübə müddətində dekanlıqların qarşısında duran vəzifələr haqqında çıxış ediblər.
Konfransın yekununda pedaqoji təcrübəyə başlayan tələbələrin sualları cavablandırılıb, onlara lazımi tövsiyyələr verilib.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

