NMİ-də 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan müstəqil inkişafa” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dəyirmi masanı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin taleyində tarixi dönüş nöqtəsi olduğunu qeyd edib. O bildirib ki, 1993-cü ildə ölkədə yaranmış xaos, siyasi böhran və dövlət idarəçiliyindəki iflic vəziyyət fonunda Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmasının qarşısını alıb və dövlətin varlığını qoruyub saxlayıb.
Elşən Məmmədov çıxışında vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs təkcə o dövr üçün deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının da əsasını təşkil edib. O qeyd edib ki, bu kursun ən mühüm nəticələrindən biri güclü dövlət institutlarının formalaşması və müstəqil Azərbaycanın dayanıqlı inkişaf yoluna çıxmasıdır. Rektor əlavə edib ki, həmin siyasi xəttin uğurlu davamı nəticəsində Azərbaycan bu gün regionda aparıcı dövlətə çevrilib, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərlə öz gücünü və suveren iradəsini bütün dünyaya nümayiş etdirib.
Sonra institutun əməkdaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov çıxış edərək 1993-cü ilin iyun hadisələrinin ölkənin taleyində həlledici rol oynadığını qeyd edib. O bildirib ki, həmin dövrdə xarici müdaxilələr və daxili gərginliklər fonunda dövlətçiliyin təhlükə altında olduğu bir zamanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edib. Azad Novruzov 15 iyun tarixində Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsini Milli Qurtuluşun başlanğıcı kimi dəyərləndirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, institutun Humanitar və ictimai fənlər kafedrasının əməkdaşı Zeynəb Quliyeva qeyd edib ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycan müasir tarixində dövlətçilik ideyasının möhkəmlənməsi baxımından xüsusi elmi və siyasi əhəmiyyət daşıyır. O bildirib ki, Milli Qurtuluşdan sonra formalaşan siyasi sabitlik Azərbaycanın gələcək inkişafına, dövlət idarəçiliyinin təkmilləşməsinə və beynəlxalq mövqelərinin güclənməsinə mühüm zəmin yaradıb. Məruzəçi Ümummilli Liderin “Müstəqilliyi qoruyib saxlamaq onu qazanmaqdan daha çətindir” fikrini xatırladaraq bildirib ki, bu gün Azərbaycanın güclü və sabit dövlət kimi inkişafı məhz həmin siyasi xəttin davamıdır.