NMİ-də təntənəli məzuniyyət proqramı təşkil olunub

Tədbirdə institut rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov məzunları həyatlarının əlamətdar günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, institutun əsas missiyası yalnız peşəkar müəllim kadrları yetişdirmək deyil, eyni zamanda milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, yaradıcı və müasir dünyagörüşünə malik gənclərin formalaşmasına töhfə verməkdir. Qeyd olunub ki, ali təhsil dövründə qazanılan bilik, bacarıq və həyat təcrübəsi məzunların gələcək fəaliyyətində mühüm rol oynayacaq.
Tədbirdə institutun elmi katibi Azad Novruzov, prorektorlar Qurban Qurbanlı və Xəyal Camalov, dekanlar Samirə Həsənova, Nazilə Muradova, Qızıltac Şahbazova və professor-müəllim heyəti çıxış edərək məzunlara xoş arzularını çatdırıblar.
Çıxışlarda tələbələrin institutda qazandıqları bilik və bacarıqların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağı vurğulanıb, onların cəmiyyət üçün faydalı və peşəkar kadrlar kimi yetişəcəyinə inam ifadə olunub.
Tədbir çərçivəsində təhsil aldıqları müddət ərzində müxtəlif sahələrdə fəallığı və nailiyyətləri ilə seçilən bir qrup məzun müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, onlara təşəkkürnamələr təqdim olunub.
Tədbirdə valideynlər və məzunlar adından da çıxışlar səsləndirilib. Çıxış edənlər tələbəlik illərinin onlar üçün dəyərli həyat məktəbi olduğunu bildirərək institut rəhbərliyinə və müəllim heyətinə təşəkkürlərini ifadə ediblər.
Rəsmi hissədən sonra məzun tortu kəsilib, musiqili proqram təqdim olunub. Proqram çərçivəsində məzun və bakalavr tələbələrinin iştirakı ilə müxtəlif rəqs nümunələri nümayiş etdirilib, iştirakçılara xoş anlar yaşadılıb. Sonda xatirə fotoları çəkdirilib və tədbir yaddaqalan anlarla başa çatıb.