Naxçıvan Müəllimlər İnstitutunda 2025–2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyasına başlanılıb.
İnstitutda imtahan sessiyasının gedişinə operativ nəzarətin həyata keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası yaradılıb. Operativ Qərargah sessiya müddətində imtahanların gedişi ilə bağlı ərizə, rəy və təklif qutusu vasitəsilə daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin edəcək.
İmtahan sessiyasının ilk günü Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov və Operativ Qərargahın üzvləri imtahanların gedişi ilə yaxından tanış olub, auditoriyalarda yaradılmış şəraitlə maraqlanıblar. Onlar tələbələrlə görüşərək imtahan prosesi ilə bağlı fikirlərini dinləyib, tələbələrə uğurlar arzulayıblar.
Eyni zamanda tələbələr Apellyasiya Komissiyasının fəaliyyəti və komissiyaya müraciət qaydaları barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, sessiya müddətində proses ictimaiyyətə açıqdır və media nümayəndələri, həmçinin ictimaiyyət təmsilçiləri imtahanların gedişini izləyə, təşkilati məsələlərlə yaxından tanış ola bilərlər.
Qeyd olunub ki, imtahan sessiyasının şəffaf, obyektiv və ədalətli keçirilməsi institut rəhbərliyinin əsas prioritetlərindəndir.


