NMİ-də “Narkomaniya ağ ölümdür, özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək” mövzusunda maarifləndirici tədbir keçirilib

15 may tarixində Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya ağ ölümdür, özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov narkomaniyanın cəmiyyət üçün ciddi təhlükələrindən danışıb. O bildirib ki, xüsusilə gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdəndir. Qeyd olunub ki, maarifləndirici tədbirlərin keçirilməsi tələbələrin hüquqi biliklərinin və sosial məsuliyyət hissinin artırılmasına xidmət edir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Metodoloji Təminat Şöbəsinin rəisi İsa Əliyev narkomaniyanın hüquqi məsuliyyət doğuran nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquqpozmalara qarşı həyata keçirilən tədbirlərdən söz açaraq gəncləri diqqətli və məsuliyyətli olmağa çağırıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Heydər Səmədli narkotik vasitələrin insan sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətin inkişafına vurduğu zərərlərdən bəhs edib. O, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri və profilaktik maarifləndirmənin əhəmiyyətindən danışıb.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin və təhsil müəssisələrinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb