NMİ-də “Ələsgərəm, hər elimdən halıyam…” mövzusunda dəyirmi masa keçirilib

20 may 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Azərbaycan dili və ədəbiyyat” kafedrasının təşkilatçılığı ilə Aşıq Ələsgərin vəfatının 100 illiyinə həsr olunmuş “Ələsgərəm, hər elimdən halıyam…” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov Aşıq Ələsgərin Azərbaycan xalqının milli-mənəvi yaddaşında xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Aşıq Ələsgər yaradıcılığı xalq ruhunun, milli düşüncənin və mənəvi saflığın poetik ifadəsidir. Bildirib ki, bu yaradıcılıq yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də araşdırılır, onun irsi beynəlxalq elmi müstəvidə tədqiq olunur.
Elşən Məmmədov çıxışında ali təhsil müəssisələrində ədəbiyyatın tədrisində aşıq yaradıcılığına xüsusi yer ayrıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə, o cümlədən qədim diyar Naxçıvanda milli-mənəvi dəyərlərin qorunmasına göstərilən diqqət nəticəsində aşıq sənəti bu gün də yaşadılır və gənc nəslə sevdirilir.
Sonra filologiya elmləri doktoru, professor Yusif Səfərov məruzəçi qismində çıxış edib. O, Aşıq Ələsgəri Azərbaycan aşıq sənətinin “dədə” anlayışına layiq ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə edib, onun yaradıcılıq dünyası və sənət laboratoriyası barədə ətraflı məlumat verib. Bildirib ki, sənətkarın əsərlərində məhəbbət mövzusu, insan və təbiət gözəlliklərinin tərənnümü, vətən sevgisi əsas yer tutur.
Yusif Səfərov çıxışı zamanı Aşıq Ələsgərin qoşma, gəraylı və təcnislərindən nümunələr səsləndirib, xüsusilə qıfılbəndlərin sənətkarlıq baxımından yüksək poetik ustalıq nümunəsi olduğunu qeyd edib. Professor həmçinin Aşıq Ələsgərin aşıqlara verdiyi mənəvi tövsiyələrdən bəhs edib, sənətkarı Göyçə aşıq məktəbinin ən qüdrətli nümayəndələrindən biri kimi dəyərləndirib.
Daha sonra “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent Həsənalı Eyvazlı çıxış edərək Dərələyəz və Göyçə mahallarının zəngin ədəbi-mədəni mühiti haqqında danışıb, bu bölgələrin Azərbaycan aşıq sənətinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Aşıq Ələsgərin şeirlərindən nümunələr səsləndirərək sənətkarın yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
Dəyirmi masada çıxış edən filologiya elmləri doktoru, dosent Ramiz Qasımov bildirib ki, bu gün Aşıq Ələsgəri yad etmək eyni zamanda Qərbi Azərbaycan yaddaşını yaşatmaq deməkdir. O qeyd edib ki, sənətkar yalnız Azərbaycanda deyil, dünya miqyasında da böyük ehtiramla anılan söz ustadıdır.
Ramiz Qasımov çıxışı zamanı Aşıq Ələsgərin tərcümeyi-halı ilə bağlı aparılan yeni tədqiqatlardan bəhs edib. Həmçinin Prezident İlham Əliyevin Qarabağa və Qərbi Azərbaycana qayıdışla bağlı həyata keçirdiyi tarixi missiyanın milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda Elşən Məmmədov Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universiteti tərəfindən fəxri doktor adının verilməsi münasibətilə institut kollektivini və Azərbaycan xalqını təbrik edib