14 may tarixində Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və incəsənət fakültəsinin, İncəsənət kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” və “WUF13” çərçivəsində “Təsviri sənətdə şəhər və sənaye mənzərələri” adlı sərgi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən, dosent Elşən Məmmədov şəhərsalma və memarlıq mövzusunun təsviri sənətdə xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, sənət əsərlərində şəhər və sənaye mənzərələrinin əks olunması həm estetik baxımdan, həm də tarixi-mədəni yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra çıxış edən İncəsənət kafedrasının müdiri, əməkdar rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva sərginin məqsədi və nümayiş olunan əsərlər barədə məlumat verib. Bildirib ki, sərgidə şəhər həyatını, memarlıq nümunələrini və sənaye mühitini əks etdirən müxtəlif janrlı rəsm əsərləri təqdim olunub. O, bu cür tədbirlərin tələbələrin yaradıcı potensialının inkişaf etdirilməsi və incəsənətə marağın artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasında keçirilən sərgi və müsabiqələrdə fəal iştirak edən bir qrup tələbələ təltif olunub.
Sonda iştirakçılar sərgi ilə tanış olub, nümayiş etdirilən əsərlər ətrafında fikir mübadiləsi aparıblar.
Sərgilənən əsərlər içəridində Qarabağ Universitetinin təsvirinin yer aldığı çoxfiqurlu kompozisiya, Memar Əcəmi Naxçıvani yaradıcılığını əks etdirən tematik kompozisiyalar, Naxçıvan və digər şəhərlərin müasir mənzərələri maraqla qarşılanıb.


