NMİ-də Tələbə Elmi Cəmiyyətinin yekun elmi konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin yekun elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin və gənclər siyasətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Bildirib ki, gənclərin elmi fəaliyyətə cəlb olunması, onların tədqiqatçılıq bacarıqlarının formalaşdırılması və intellektual potensialının üzə çıxarılması bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, tələbələrin elmi mühitdə fəallığının artırılması, onların araşdırma aparmaq və elmi nəticələr əldə etmək bacarıqlarının inkişaf etdirilməsi ali təhsil müəssisələrinin mühüm vəzifələrindəndir.
Daha sonra İnstitutun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Qurban Qurbanlı çıxış edərək konfransın əhəmiyyətindən bəhs edib. O, builki konfransda tətbiq olunan qiymətləndirmə meyarları, məruzələrin qiymətləndirilməsi prinsipləri və bölmə iclaslarının iş qaydaları barədə ətraflı məlumat verib. Məruzələrin mövzunun aktuallığı, işlənilmə səviyyəsi, strukturlaşdırılması və təqdimat bacarığı kimi meyarlar əsasında qiymətləndiriləcəyi iştirakçıların, moderatorların və elmi rəhbərlərin diqqətinə çatdırılıb.
Sonra İnstitut Tələbə Elmi Cəmiyyətinin sədri Aysuman Rüstəmova 2025–2026-cı tədris ili ərzində tələbələrin elmi fəaliyyəti ilə bağlı statistik göstəriciləri təqdim edib. Tələbələrin elmi-tədqiqat işlərinə marağının artdığını vurğulayan sədr, konfransa təqdim olunan məruzələrin və iştirakçıların sayı haqqında məlumat verib, müxtəlif istiqamətlər üzrə aparılan araşdırmaların əhəmiyyətini qeyd edib.
Plenar iclas çərçivəsində Pedaqoli fakültənin tələbəsi Türkay Həsənovanın “Valideynlərin təhsil səviyyəsinin uşaqların inkişafına təsiri” və Təbiət və incəsənət fakültəsinin tələbəsi Aysuman Rüstəmovanın “İbtidai siniflərdə informatika fənninin tədrisində rəqəmsal resurslardan istifadə yolları” mövzularında məruzələri dinlənilib. Məruzələr iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Daha sonra konfrans öz işini 10 bölmə iclası ilə davam etdirib. Bölmələrdə tələbələr müxtəlif elm sahələri üzrə hazırladıqları elmi-tədqiqat işləri ilə çıxış edib, mövzular ətrafında geniş müzakirələr aparılıb.
Sonda bildirilib ki, məruzələrin qiymətləndirilməsi qəbul olunmuş əsasnaməyə uyğun olaraq müəyyən edilmiş meyarlar əsasında aparılacaq. Toplanılan yekun ballara əsasən növbəti mərhələdə qalib iştirakçılar müəyyənləşdirilərək mükafatlandırılacaqlar.