Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Şəkəri azalt, ömrü uzat!” mövzusunda maarifləndirici görüş keçirilib.
Təşkil olunan tədbirin məqsədi sağlam qidalanma vərdişlərinin təşviqi, şəkərli məhsulların həddindən artıq istifadəsinin yaratdığı risklər barədə maarifləndirmə aparmaq və ictimai sağlamlığın qorunmasına töhfə vermək olub.
Tədbiri giriş sözü ilə açan İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov sağlam həyat tərzinin təbliğinin əhəmiyyətindən bəhs edib və bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.
Görüşdə çıxış edən Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Elmi araşdırmalar, risk analizi və təlim şöbəsinin müdiri Aynurə Qulamova qida təhlükəsizliyi sahəsində aparılan elmi araşdırmalar, risklərin qiymətləndirilməsi və düzgün qidalanma prinsipləri barədə ətraflı məlumat verib.
Sonra İnstitutun Elmi araşdırmalar, risk analizi sektorunun böyük mütəxəssisi Şəfiqə Eyvazova şəkər tərkibli məhsulların normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri, xüsusilə metabolik xəstəliklərin yaranma riskləri haqqında danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşı Gülçin Mustafayeva sağlam qidalanmanın gündəlik həyatdakı rolu, düzgün pəhriz vərdişlərinin formalaşdırılması və şəkər istehlakının azaldılmasının vacibliyi barədə fikirlərini bölüşüb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


