29 aprel tarixində Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Xalq şairi Səməd Vurğunun 120 illiyi”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masanı giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov iştirakçıları salamlayaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığının milli ədəbi fikrin inkişafındakı mühüm rolundan geniş bəhs edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı şairin zəngin ədəbi irsinə verilən yüksək dəyərin göstəricisidir. Elşən Məmmədov vurğulayıb ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatını öz yaradıcılığı ilə keçmişdə olduğu kimi bu gün də, gələcəkdə də layiqincə təmsil edən böyük sənətkarlardandır.
Daha sonra müzakirələr “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müdiri, dosent Həsənalı Eyvazlının moderatorluğu ilə davam etdirilib. O, çıxışında şairin yaradıcılığında azərbaycançılıq ideyalarının, vətənə məhəbbətin və milli-mənəvi dəyərlərin geniş şəkildə əks olunduğunu bildirib, Səməd Vurğun poeziyasının Azərbaycan ədəbiyyatında yeni mərhələ yaratdığını xüsusi vurğulayıb.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının əməkdaşı Aytən Cəfərova çıxış edərək Səməd Vurğunun zəngin yaradıcılığını yüksək qiymətləndirib. O, şairin Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunmasındakı rolundan, ana dilinin zənginləşdirilməsi istiqamətində gördüyü xidmətlərdən və əsərlərindəki xəlqilik xüsusiyyətlərindən bəhs edib. Bildirilib ki, Səməd Vurğunun yaradıcılığı xalq ruhunun, milli düşüncənin və bədii-estetik dəyərlərin parlaq ifadəsidir. Aytən Cəfərova həmçinin şair haqqında yazılmış bir şeiri auditoriyada təhlil edərək onun ideya-məzmun xüsusiyyətlərini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə institutun professor-müəllim heyəti, kafedranın əməkdaşları və tələbələr çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı yeri və əhəmiyyəti, yaradıcılığının ideya-bədii xüsusiyyətləri və poeziyasının milli düşüncənin formalaşmasına təsiri barədə fikirlərini bölüşüblər. Çıxışlarda qeyd olunub ki, şairin zəngin ədəbi irsi Azərbaycan poeziyasının inkişafına mühüm töhfələr verib, ana dilinin bədii imkanlarını daha da genişləndirib və müasir dövrdə də öz aktuallığını qoruyub saxlayır. Eyni zamanda Səməd Vurğun yaradıcılığının gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasında xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.


