Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Təfəkkür” psixologiya dərnəyinin təşkilatçılığı ilə “Ekstremal şəraitdə psixoloji vəziyyət və mübarizə strategiyaları” mövzusunda dərnək məşğələsi keçirilib.
Kafedranın müdiri, dosent Sevinc Vəliyeva və dərnəyin rəhbəri Fatma İslamlının iştirak etdiyi tədbirdə Təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs tələbələrinin çıxışları dinlənilib.
Tələbələrdən Sədaqət Məmmədli “Ekstremal şəraitdə insanın psixoloji vəziyyətinin xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edərək ekstremal vəziyyətlərdə insan davranışının psixoloji xüsusiyyətləri və emosional reaksiyalar barədə məlumat verib.
İlahə Məmmədli isə “Ekstremal vəziyyətlərdə qorxu və panika ilə mübarizə yolları” mövzusunda çıxış edərək stresli situasiyalarda yaranan qorxu və panika hallarının aradan qaldırılması, psixoloji dayanıqlılığın artırılması üsulları barədə ətraflı məlumat təqdim edib.
Tədbir çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

