NMİ-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər davam etdirilir.

Naxçıvan Müəllimlər İnstitutunda “Elm aylığı” çərçivəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Naxçıvanda şəhərsalma mədəniyyəti: tarixi ənənələr və müasir yanaşmalar” mövzusunda ümuminstitut elmi-praktik konfrans keçirilib.
Konfransın açılışında institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov giriş sözü ilə çıxış edərək ölkəmizdə elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlər və elm aylığı çərçivəsində keçirilən tədbirlərin elmi mühitin inkişafı, tədqiqat fəaliyyətinin genişləndirilməsi və gənc tədqiqatçıların elmi müzakirələrə cəlb olunması baxımından əhəmiyyətini vurğulayıb.
Plenar iclasda tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “Naxçıvanda şəhərsalma ənənələri arxeoloji abidələr işığında” mövzusunda məruzə ilə çıxış edərək regionun qədim şəhərsalma ənənələrinin arxeoloji abidələr əsasında tədqiqindən bəhs edib. Humanitar və ictimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova isə “Naxçıvan şəhərinin məhəllələri (tarixi aspekt)” mövzusunda çıxış edərək şəhərin formalaşma mərhələləri və tarixi məhəllə sistemi haqqında məlumat verib.
Konfrans öz işini iki bölmə üzrə davam etdirib. Birinci bölmədə orta əsr şəhərlərində memarlıq və həyat tərzi, Naxçıvan şəhərinin XI–XV əsrlərdə inkişafı, şəhərsalma irsi və müasir memarlıq kimi mövzular müzakirə olunub. İkinci bölmədə isə Naxçıvan şəhərində müasir şəhərsalma meyilləri, memarlıq abidələrinin bərpası, şəhər meydanları və tarixi mənbələrdə Naxçıvanın təsviri kimi mövzular üzrə məruzələr dinlənilib.
Bölmə iclaslarında institutun professor-müəllim heyəti ilə yanaşı, tarix müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr də çıxış edərək tədqiqat mövzularını təqdim ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb, mövzu ilə bağlı fikir və təkliflər səsləndirilib.
Sonda konfrans iştirakçıları Naxçıvanın zəngin şəhərsalma və memarlıq ənənələrinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə elmi araşdırmaların davam etdirilməsinin vacibliyini qeyd ediblər.