Naxçıvan Müəllimlər İnstitutunda 11 mart tarixində Pedaqogika və Psixologiya kafedrasının təşkilatçılığı ilə “Memarlıq mühitinin tələbələrdə estetik zövqün formalaşmasına təsiri” adlı elmi-nəzəri seminar keçirilib.
Seminarda giriş sözü ilə çıxış edən dosent Elşən Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar imzaladığı Sərəncama əsasən institutda silsilə maarifləndirici tədbirlər davam etdirilir. O, şəhərsalma və memarlığın yalnız estetik və funksional aspektləri ilə deyil, həm də tələbələrin mədəni, intellektual və pedaqoji inkişafına təsir edən mühüm sosial mühit olduğunu vurğulayıb. Eyni zamanda, şəhər mühitinin planlaşdırılması, milli memarlıq ənənələrinin qorunması və müasir şəhərsalma yanaşmalarının gənclərin estetik zövqünə, yaradıcılıq qabiliyyətinə və geniş dünyagörüşünə təsiri haqqında məlumat verib.
Seminarda mövzu ilə bağlı məruzə edən kafedranın baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Şəhla Süleymanova qeyd edib ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması sahədə aparılan elmi-pedaqoji işlərin daha da genişləndirilməsinə və ictimaiyyətin diqqətinin artırılmasına xidmət edir. O, tələbələrin şəhərsalma mədəniyyəti və memarlıq irsi ilə bağlı biliklərinin artırılmasının, onların tənqidi düşüncə və estetik duyumlarının formalaşdırılmasının institutun elmi-pedaqoji fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Çıxışlarda həmçinin bildirilib ki, Naxçıvan Müəllimlər İnstitutunda keçirilən elmi-nəzəri seminarlar tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, milli-mədəni irsə marağının artmasına və müasir inkişaf meyilləri haqqında məlumatlandırılmasına xidmət edir. Tədbirlər eyni zamanda tələbələrdə kreativ yanaşma və elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsinə dəstək olur.


