NMİ-də “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə tədbir keçirilib

26 dekabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyimizin rəmzi olduğunu vurğulayıb. O, gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişməsinin vacibliyini xüsusi qeyd edib.
Tədbirin bədii hissəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin ifasında Azərbaycan xalq mahnıları, rəqs nömrələri və musiqi kompozisiyaları təqdim olunub. Proqram çərçivəsində “Yaşa, Azərbaycan!”, “Tar-kamanım”, “Bu qala daşlı qala” və “Azərbaycan” kimi musiqi nömrələri səsləndirilib, müxtəlif milli və müasir rəqs çıxışları nümayiş etdirilib.
Bayram proqramı çərçivəsində Şaxta Babanın səhnəyə gəlişi tədbirə xüsusi rəng qatıb. Şaxta Babanın iştirakı ilə maraqlı və əyləncəli anlar yaşanıb, iştirakçılara xoş əhval-ruhiyyə bəxş olunub.
Tədbir yüksək bayram ovqatı şəraitində keçib və iştirakçıların böyük marağı ilə qarşılanıb.