Naxçıvan Müəllimlər İnstitutunda 2025–2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasına başlanılıb. Sessiya 5 yanvar 2026-cı il tarixindən etibarən start götürərək 29 yanvaradək davam edəcək. Təkrar imtahanlar da daxil olmaqla imtahan sessiyası 3 fevral 2026-cı il tarixində yekunlaşacaq.
İnstitutda imtahan sessiyasının gedişinə operativ nəzarətin həyata keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə Operativ Qərargah və Münaqişə Komissiyası yaradılıb. Operativ Qərargah sessiya müddətində imtahanların gedişi ilə bağlı ərizə, rəy və təklif qutusu vasitəsilə daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin edəcək.
İmtahan sessiyasının ilk günü Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən, dosent Elşən Məmmədov və Operativ Qərargahın üzvləri imtahanların gedişi ilə yaxından tanış olub, mövcud şəraitlə maraqlanıblar. Onlar tələbələrlə görüşərək imtahan prosesi ilə bağlı sualları cavablandırıblar.
Eyni zamanda tələbələr Apelyasiya Komissiyası, eləcə də komissiyaya müraciət qaydaları barədə ətraflı şəkildə məlumatlandırılıblar. Qeyd edilib ki, imtahan sessiyasının şəffaf və ədalətli keçirilməsi institut rəhbərliyinin əsas prioritetlərindəndir.


