Naxçıvan Müəllimlər İnstitutunda 5 ölkə və 20-dən artıq ali təhsil müəssisəsinin iştirakı ilə beynəlxalq elmi konfrans keçirilib

19 dekabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun 25 illik yubileyinə həsr olunmuş “Ali pedaqoji təhsil sistemində elm: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans hibrid formatda – əyani və videobağlantı vasitəsilə təşkil olunub.
Elmi konfrans işçi dilləri Azərbaycan, ingilis və rus dilləri olmaqla açılış mərasimi, institutun fəaliyyətini əks etdirən tanıtım videoçarxının nümayişi, 8 panel müzakirəsi və bağlanış mərasimindən ibarət olub.
Konfransda Azərbaycanla yanaşı Rusiya, Çin, Qazaxıstan və Türkiyənin müxtəlif şəhərlərindən olan alim və tədqiqatçılar iştirak ediblər. Konfransın açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətini əks etdirən tanıtım videoçarxı nümayiş olunub.
Konfransda giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən, dosent Elşən Məmmədov institutun yaradılması, 25 illik inkişaf yolu, maddi-texniki bazası və kadr potensialı haqqında ətraflı məlumat verib. O, bu cür beynəlxalq elmi tədbirlərin ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişlənməsində, təcrübə mübadiləsinin aparılmasında və müasir təhsil problemlərinin elmi müstəvidə müzakirəsində mühüm rol oynadığını vurğulayıb. Rektor diqqətə çatdırıb ki, yubileyini qeyd etdiyimiz ali məktəbin təməli müsir Azərbaycan Dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu strateji xətt bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız təhsilə və elmə göstərdiyi yüksək qayğının bariz nümunəsi kimi 2018-ci ildə İnstitutun yeni əsas korpusunun açılışında şəxsən iştirak etmişdir. Bu tarixi hadisə kollektivimiz üçün hər zaman böyük stimul və məsuliyyət mənbəyidir.
Təşkilat Komitəsi adından institutun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Qurban Qurbanlı çıxışında konfrans çərçivəsində aparılan elmi müzakirələrin aktual pedaqoji və elmi istiqamətləri əhatə etdiyini bildirib, gənc tədqiqatçıların beynəlxalq elmi platformalarda fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında təhsilin keyfiyyətinin onun necə qurulmasından asılı olduğunu vurğulayaraq, elmsiz cəmiyyətin mümkün olmadığını, elmin isə cəmiyyətin davamlı inkişafının əsas dayağı olduğunu bildirib. O, ali təhsil müəssisələrinin elmi tədqiqatlara əsaslanan fəaliyyətinin vacibliyini xüsusi qeyd edib.
Konfransda çıxış edən Iğdır Dövlət Universitetinin (Türkiyə) Karyera Mərkəzinin direktoru Hakan Güngör Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında elmi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq, ortaq elmi layihə və konfransların bu əməkdaşlığa mühüm töhfə verdiyini bildirib.
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təmsilşisi, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva çıxışında ölkədə elm və təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək, bu cür beynəlxalq konfransların elmi-pedaqoji potensialın gücləndirilməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib.
Avrasiya Humanitar İnstitutunun (Astana, Qazaxıstan) nümayəndəsi Aida Hasanova beynəlxalq elmi platformaların regional və qlobal elmi inteqrasiyanın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb, konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirib və institutun 25 illik yubileyi münasibətilə rektora təmsil etdiyi ali məktəb adından xatirə hədiyyəsi təqdim edib.
Elmi konfransda həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov, Rusiya Cənub Universitetinin (Rostov) rektoru İmran Əkbərov və Rusiya Xalqlar Dostluğu Universitetinin (Moskva) əməkdaşı Yelena Surkova çıxış edərək elmi əməkdaşlıq perspektivləri, müasir təhsil problemləri və birgə tədqiqat imkanları barədə fikirlərini bölüşüblər.
Çıxış edən qonaqlar Naxçıvan Müəllimlər İnstitutunun 25 illik yubileyi münasibətilə institutun kollektivini təbrik edib, gələcək fəaliyyətində yeni elmi nailiyyətlər və uğurlar arzulayıblar.
Konfrans çərçivəsində keçirilən panel sessiyalarında yerli və beynəlxalq məruzəçilərin, ölkənin 20-dən artıq pedaqoji ali təhsil və elmi-tədqiqat müəssisələrindən ümumilikdə 300-dən artıq magistrant, doktorant, dosent, professor, fəlsəfə və elmlər doktoru, habelə digər tədqiqatçıların məqalə və tezisləri dinlənilib, aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
Elmi Komitə tərəfindən qəbul edilmiş materialların 40 %-indən çoxu elmi dərəcəli mütəxəssislər olduğu və məruzələrin 20 %-i xarici ölkələrin payına düşdüyü, həmçinin onların kağız və elektron daşıyıcılarda nəşr ediləcəyi bildirilib.
Tədbirin proqramına uyğun olaraq iştirakçılar üçün Naxçıvan şəhərinin tarix-mədəniyyət abidələrinə ekskursiyanı əhatə edən mədəni tədbir təşkil olunub. Konfrans sertifikatların təqdimatı ilə başa çatıb.