Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsinin və İncəsənət kafedrasının təşkilatçılığı ilə təsviri incəsənətə həsr olunmuş sərgi keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan sərgidə İncəsənət kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyevin rəhbərliyi ilə Təsviri incəsənət müəllimliyi ixtisasının I, II və III kurs tələbələrinin əl işlərindən ibarət “Təəssürat” adlı qrup sərgisi nümayiş etdirilib.
Sərginin açılış mərasimində giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov tələbələrin yaradıcılıq fəaliyyətinin dəstəklənməsinin institutun əsas prioritetlərindən biri olduğunu bildirib. O, bu tip sərgilərin gənclərin estetik dünyagörüşünün formalaşmasında və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva sərgidə təqdim olunan əsərlərin tələbələrin fərdi baxış bucağını, yaradıcılıq axtarışlarını və sənətə yanaşma tərzini əks etdirdiyini qeyd edib.
Təbiət və İncəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev isə çıxışında sərginin tədris prosesinin tərkib hissəsi kimi tələbələrin praktiki bacarıqlarının inkişafına xidmət etdiyini bildirib və bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
Sonda çıxış edən İncəsənət kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyev sərgidə iştirak edən tələbələrin yaradıcılıq potensialından danışaraq onların gələcəkdə peşəkar sənətkar kimi formalaşacaqlarına inamını ifadə edib, sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verib.
Qeyd edək ki, sərgidə müxtəlif mövzularda hazırlanmış rəsmlər, təsviri sənət nümunələri nümayiş olunub və onlar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

