NMİ-də sosial şəbəkələrin və süni intellektin təhsilə təsirinə həsr olunmuş dəyirmi masa keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc pedaqoqlar” dərnəyinin təşkilatçılığı ilə “Sosial şəbəkələrin gənclərin inkişafına təsiri və süni intellektin təhsildə yaratdığı təsir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi sosial şəbəkələrin gənclərin psixoloji və sosial inkişafına təsirini, eləcə də süni intellekt texnologiyalarının müasir təhsil prosesində yaratdığı imkanları və çağırışları müzakirə etmək olub.
Dəyirmi masanın açılışında giriş sözü ilə kafedranın müdiri Sevinc Vəliyeva çıxış edərək mövzunun aktuallığını diqqətə çatdırıb. Bildirib ki, sosial şəbəkələr düzgün və məqsədyönlü istifadə olunduğu halda gənclərin məlumat əldə etmə imkanlarını genişləndirir, onların özünüifadə bacarıqlarının inkişafına şərait yaradır. Lakin nəzarətsiz və həddindən artıq istifadə psixoloji gərginlik, diqqət dağınıqlığı və sosial münasibətlərdə problemlərə səbəb ola bilər.
Tədbirdə həmçinin dərnəyin rəhbəri Ülviyyə Nağıyeva, Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Hakverdiyeva Fatimə və Fərzəli Özləm mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Çıxışlarda sosial şəbəkələrin gənclərin davranış və düşüncə tərzinə təsiri, süni intellektin təhsildə tətbiq imkanları, eləcə də bu texnologiyalardan düzgün və məqsədyönlü istifadənin əhəmiyyəti vurğulanıb. Dəyirmi masa müzakirələr və fikir mübadiləsi ilə yekunlaşıb.