Azərbaycan Respublikasında elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə insan hüquqlarının təhsildə rolu, hüquqi şüurun formalaşdırılması və bu sahədə dövlət siyasətinin əsaslarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri açıq elan edən NMİ-nin rektoru vəzifələrini icra edən Elşən Məmmədov gənclərin hüquqi biliklərinin artırılmasının, insan hüquqlarına hörmət ruhunda yetişmələrinin müasir təhsil sistemində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, gələcək müəllimlərin bu sahədə maarifləndirilməsi onların həm peşə fəaliyyətində, həm də cəmiyyətdə məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Sərxan Əkbərov çıxış edərək insan hüquqlarının qorunmasının yalnız qanunlarla deyil, maarifləndirmə yolu ilə də mümkün olduğunu qeyd edib. O, gənclərin hüquqi savadlılığının artırılmasının və hüquq-məsuliyyət anlayışının cəmiyyətin davamlı inkişafında əhəmiyyətini vurğulayıb.
Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov, Ombudsman Aparatının əməkdaşı Nuranə Kərimova və Təhsil Nazirliyinin əməkdaşı Tahir Həsənov məruzələrlə çıxış edərək ali məktəbdə hüquqi şüurun formalaşması, insan hüquqları üzrə milli və beynəlxalq yanaşmalar, eləcə də təhsil sistemində dövlət siyasətinin əsasları barədə məlumat veriblər.
Bildirilib ki, ali məktəblərdə keçirilən maarifləndirici tədbirlər, seminarlar və interaktiv müzakirələr gənclərin həm peşə, həm də vətəndaş olaraq formalaşmasına töhfə verir. Bu, gələcək təhsilverənlərin hüquqi və etik prinsipləri dərindən mənimsəməsi, şagirdlərə nümunə göstərməsi və təhsil sistemində davamlı inkişafı təmin etməsi baxımından əhəmiyyətlidir.

