NMİ-də növbəti yubiley qeyd olunub

25 noyabr tarixində Naxçıvan Müəllimlər İnstitutunda davam etdirilən ənənəyə uyğun olaraq görkəmli şair-dramaturq, Prezident mükafatçısı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi, “Tərəqqi” medalına layiq görülən Həsənəli Eyvazovun anadan olmasının 75 illik yubileyi qeyd edilib.
Tədbiri Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq Həsənəli Eyvazovun Azərbaycan ədəbiyyatına verdiyi əhəmiyyətli töhfələrdən danışıb. O, müəllifin poeziya və dramaturgiya sahəsində yaratdığı əsərlərin ədəbi mühitdəki rolunu, həmçinin gənc nəsillərin mənəvi-estetik tərbiyəsindəki əhəmiyyətini qeyd edib. Elşən Məmmədov yubiley münasibətilə Həsənəli Eyvazovu təbrik edib və ona gül dəstəsi ilə xüsusi hədiyyə təqdim edib, gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Pedaqoji fakültənin dekanı Samirə Həsənova “Həsənəli Eyvazovun həyat və yaradıcılığı haqqında” mövzusunda məruzə ilə çıxış edib. O, müəllifin poetik üslubunun koloritini, dram əsərlərinin ideya yükünü və onun milli ədəbiyyatda yerini ətraflı şəkildə təhlil edib.
Tədbirdə institutun dosenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov çıxış edərək şairin ədəbi irsinin və NMİ-dəki pedaqoji fəaliyyətinin xüsusi dəyərləndirildiyini bildirib, Həsənəli Eyvazovun cəmiyyətin elmi-mədəni mühitinə verdiyi töhfələrin bu gün də öz aktuallığını qoruduğunu deyib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar şairin Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyə malik olduğunu, yaratdığı poetik və dramaturji nümunələrin yüksək bədii-estetik dəyərə sahib olduğunu qeyd edib. O, müəllifin yaradıcılığını gənc nəslin ədəbi düşüncəsi üçün örnək adlandırıb.
Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxışında Həsənəli Eyvazovun yaradıcılığında ideya-məzmun xəttini, müəllifin bir sıra ədəbi nümunələrində milli düşüncə, vətənpərvərlik və mənəvi dəyərlərin təqdim olunma xüsusiyyətlərini təhlil edib.
Tədbirin bədii hissəsində institutun tələbəsi Tünzalə Həsənova şairin “Şairlər zamanın mələkləridi” şeirini qiraət edib.
Sonda şair Həsənəli Eyvazov tədbirin yüksək səviyyədə təşkilinə görə institut rəhbərliyinə minnətdarlığını bildirib, yaradıcılıq yolundan söz açıb və qədim diyar Naxçıvana həsr etdiyi şeirlərindən nümunələr səsləndirib.
Qeyd edək ki, tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri, ədəbi məclisin dəyərli qələm sahibləri Alıməmməd Eldaroğlu və Hüseyn Əsgərov da iştirak edərək yubilyarı təbrik ediblər.